11 Oktyabr 2023, 14:04

Beynəlxalq Cüdo Federasiyasının (İJF) Akademiyasının ekspertləri Mesut Kapan və Kaya Gezekerin iştirakı ilə Bakıda cüdo məşqçilərinin praktiki imtahanına hazırlıq məqsədi ilə seminar keçirilib.

Sportlife.az xəbər verir ki, məşğələlərdə Azərbaycanın rayon və şəhərlərini təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından olan 75 mütəxəssis iştirak edib.

Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarət olub. Ekspertlər cüdo texnikası və fəndlərin təkmilləşdirilməsi məqsədi ilə öz tövsiyələrini və praktiki biliklərini bölüşüblər.

Məşqçilərin beynəlxalq səviyyədə standartlaşdırılması məqsədi ilə bu cür seminarların davamlı olaraq keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ACF-nin təşəbbüsü ilə ötən ildən start verilən İJF Akademiyasında mütəxəssislər üçün keçirilən proqrama 80-dən çox məşqçi cəlb olunub, onlardan 68-i imtahanları uğurla başa vurub və birinci səviyyə cüdo məşqçiliyi sertifikatı əldə ediblər. Cari ilin mart ayından etibarən daha 75 cüdo məşqçisi Akademiyanın proqramında təhsilə başlayıblar.