
Mövsüm "Maklaren"in qələbəsiylə başladı
Formula 1 üzrə Avstraliya Qran Prisinə yekun vurulub.
Sportlife.az xəbər verir ki, Melburndaki Albert-Park halqasında baş tutan mövsümün ilk mərhələsində "Maklaren"in pilotu Lando Norris birinci olub. O, finiş xəttinə son dünya çempionu, “Red Bull”un sürücüsü Maks Ferstappendən 0,895 saniyə daha tez çatıb. İlk "üçlüy"ü "Mersedes"dən Corc Rassel qapayıb.
Yağışlı hava şəraitində keçən yürüşdə "Maklaren" pilotları Lando Norris və Oskar Piastri uzun müddət öndə olub. Lakin son bölümlərə doğru onların hər ikisi yoldan kənara çıxıblar və bundan yararlanan "Red Bull" pilotu Maks Ferstappen önə keçib. Norris sonradan liderliyini geri qaytara bilib, Ferstappen ikinci yerə enib. Piastri isə finiş xəttini 9-cu keçib.
"Rasinq Bulls"dan İsak Hacar sınaq yürüşü zamanı, "Uilyams"dan Karlos Saynsla "Alpin"dən Cek Duen 3-cü dövrədə, "Aston Martin"dən Fernando Alonso 34-cü, "Zauber"dən Qabriel Bortoleto və "Red Bull"dan Liam Louson 48-ci dövrədə qəza edərək yarışı bitirə bilməyib. Nəticədə finişə 20 pilotdan cəmi 14-ü çata bilib.
Qeyd edək ki, 19 - 21 sentyabrda Azərbaycan Qran Prisi keçiriləcək.