Berdıyev qızıl müqaviləsini düşünür, Ehtiram Quliyev nəyi düşünür?

  • Dünən, 21:40

9 ay əvvəl xəbərdarlıq etmiş, "Turan Tovuz" rəhbərliyinə əcnəbi sevdasından çəkinməyi məsləhət bilmişdik. Həm də təkcə məsləhət yox, arqumentlərlə əsaslandırmışdıq: Yüksək maliyyə sərfi + uyğun olmayan futbol mühiti + bərbad meydança = uğursuzluq. Amma Ehtiram Quliyev futbol məntiqindən yox, ekzotik məsləhətlərdən ilhamlanıb Kurban Berdıyevi Tovuza gətirdi və ona avrokuboklara vəsiqə qazanmaq kimi fantastik bir hədəf qoyuldu.

Amma hər tur keçdikcə "Turan Tovuz"un avrokubok arzuları quru xəyala çevrilir. Son 3 oyunun 2-də məğlubiyyət, evdə "Sumqayıt"a uduzmaq. Bu nəticələr yalnız bir şeyi göstərir: komanda taktiki və psixoloji baxımdan çöküb. Amma Berdıyev üçün bu, ciddi problem deyil. Çünki onun üçün əsas məsələ nəticə yox, müqavilə müddətinin sonuna qədər işləməkdir.

Berdıyev mövsümü uğursuz başa vuracağı halda belə, 2026-cı ilə qədər Azərbaycanda qalacağını açıq şəkildə bildirib. Niyə də qalmasın? İllik 850 min dollarlıq müqaviləsi var. Bu məbləği göz görə-görə kim itirər ki? Bu, qızıl müqavilədir.

Tovuz təmsilçisinin avrokuboklar xəyalı çilik-çilik ola bilər, amma Berdıyevin bank hesabı stabil və bərəkətli qalacaq. Əslində, burada günahı məşqçidə axtarmaq futbolda ən klassik məntiqsizliyə çevrilib. Məsuliyyət təkcə taktikada yox, klub siyasətində və idarəetmə mexanizmindədir.

Berdıyev pulunu alıb çıxıb gedəcək, uğursuzluğun real yükü isə Ehtiram Quliyevin çiynində qalacaq. "Turan Tovuz" azarkeşlərinə avrokubok xəyalını məhz o satıb və bu xəyal üçün pullar xərclənib.

Kurban Berdıyev mövsümü uğursuz başa vursa belə, müqaviləsinin sonuna qədər Azərbaycanda qalacaq. O, qapını örtüb gedəndə bank hesabında 850 min dolları olacaq – "Turan Tovuz" isə avrokuboklara yox, yenidənqurma dövrünə qədəm qoyacaq.

Əcnəbi məşqçi sevdası Azərbaycan futbolunda nadir hallarda uğur gətirir. Xüsusilə də klub siyasəti və struktur zəifdirsə...

Mirələm HƏSƏNLİ 


Paylaş: