Qış Olimpiya Oyunları başlayır
Bu gün İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Sportlife.az xəbər verir ki, “San Siro” stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bununla da Oyunlar rəsmən açıq elan olunacaq.
Olimpiada tarixində ilk dəfə iki Olimpiya məşəli alovlandırılacaq. Biri Milanda, şəhərin ikonik abidəsi olan Sülh Tağının yaxınlığında, digəri isə Kortina d'Ampetsoda, Piatsa Dibona meydanında yerləşəcək.
Olimpiya Oyunları fevralın 4-də körlinq yarışları ilə start götürüb.
Azərbaycanı Qış Olimpiadasında dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev təmsil edəcək.
Qeyd edək ki, “Milano–Kortina-2026” Qış Olimpiya Oyunları fevralın 6-dan 26-dək, Paralimpiya Oyunları isə martın 6-dan 15-dək Milan və Kortina d`Ampetso şəhərlərində təşkil olunacaq.