Bakıda inklüziv minifutbol turniri keçirilir

  • 11 İyun 2024, 13:49

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi AFFA ilə əməkdaşlıq çərçivəsində inklüziv mini-futbol turniri təşkil edir.

Sportlife.az xəbər verir ki, bu gün start götürəcək tədbirdə qaçqın icmalarını, BMT QAK-ı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini və "Miqrasiya Könüllüləri" ictimai birliyini təmsil edən altı komanda, o cümlədən ayrıca mübarizə aparan iki qadın kollektivi iştirak edəcək.

Həyat və ətraf mühit üçün vacib olan müxtəlif elementləri simvolizə edən komandalar "Fauna", "Flora", "Su", "Külək (Hava)", "Enerji" və "Kainat" tematik adları altında yarışacaqlar. Bu adlar 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) mövzularına uyğundur.

Turnir evlərini tərk etməyə məcbur olmuş insanların güc və cəsarətini qeyd etmək üçün hər il iyunun 20-də qlobal miqyasda qeyd olunan daha geniş tədbirin – Ümumdünya Qaçqınlar Gününün bir hissəsidir. Builki minifutbol yarışının məqsədi ictimaiyyətin diqqətini çəkmək və didərgin insanların onlara ev sahibliyi edən icmalara effektiv inteqrasiyasını təşviq etməkdir.

Qeyd edək ki, BMT QAK didərginlərin və vətəndaşlığı olmayanların həyatını yaxşılaşdırmaq niyyəti ilə idman proqramlarının təşkili, Ümumdünya Qaçqınlar Günü kimi vacib tarixlər barədə məlumatlandırma işlərinin aparılması, həmçinin birgə kampaniyaların keçirilməsi məqsədi ilə FIFA ilə əməkdaşlıq edir.


Paylaş: