"Qarabağ"ın futbolçusu Türkiyə günlərindən danışıb

  • 9 Dekabr 2024, 09:00

"Qarabağ"ın futbolçusu Yassin Benziya "Colinterview" yutub kanalına bəzi açıqlamalar verib. Əlcəzairli Türkiyədə keçən günləri barədə danışıb. Xatırladaq ki, Benziya 2018-19 mövsümündə icarə əsasında "Fənərbağça"da çıxış edib.

Sportlife.az həmin müsahibəni sizə təqdim edir:

“Türkiyə böyük ölkədir, amma təəssüf ki, futbolçulara çox dəyər verilən yer deyil. Avropanın ən yaxşı azarkeşləri Türkiyədədir. “Fənərbağça”ya transfer olunanda məni rok ulduzu kimi qarşıladılar, halbuki mən normal, yaxşı oyunçu idim. Başqa heç nə.

İlk matçımda “Konyaspor”la oyunda assist etdim və qalib gəldik. İkinci matçda isə “Beşiktaş”la derbidə əla çıxış etdim. Hər şey yaxşı başladı. Azarkeşlər arxamda idi, mənim üçün videolar hazırlayırdılar. Filip Koku ("Fənərbağça"nın baş məşqçisi) komandanın rəhbəri idi və o, məni çox sevirdi.

Koku məni hücumçunun arxasında oynadırdı. Daha sonra onu əvəz edən Ersun Yanal isə məni daha geridə oynatmaq istədiyini dedi. Ardıcıl 6 oyunda yaxşı oynadım. Matçlarda qalib gəlirdik. Fasilə yaxınlaşırdı.

Lill"dən icarəyə gəlmişdim. Mövsümə o qədər yaxşı başladım ki, prezident Ali Koç ilk 2-3 matçdan sonra mənim 10 milyon avroluq satınalma bəndimdən istifadə etməyi düşünürdü. “Əla” dedim öz-özümə. Biz pis nəticələr əldə etməyə başlayanda bu məsələ arxa plana atıldı.

Yanvarda Antalyaya düşərgəyə getmişdik. Ersun Yanal mənimlə görüşə gəlib dedi ki, yaxşı oyunçuyam, amma bəzən məni dayaq yarımmüdafiəçisi kimi oynatmaq istəyir. Onun qərarına hörmətlə yanaşacağımı dedim. Amma bundan sonra baş verənlərdən daha ikiüzlü bir şey görməmişəm.

Özümü yaxşı hiss edirdim, məşqlərimi edirdim. Yanvarın 31-də transfer pəncərəsi bağlandı, fevralın 1-də məşqdə matça çıxacaqdıq. Matçda oynamağa icazə verilməyən yeganə oyunçu mən idim. Məni başqa sahəyə göndərdilər və köməkçi məşqçi ilə boş qapıya zərbə endirmək üçün məşq etməyimi söylədilər.

Matç başa çatandan dərhal sonra tərcüməçini də özümlə aparıb baş məşqçinin kabinetinə getdim. İdman direktoru Damyen Komolli də iştirak edirdi. Ersun Yanaldan niyə matçda oynamadığımı soruşdum. Transferin son günündə sənin yerinə futbolçu almışıq, səni siyahıya yazmamışıq.

Ersun Yanal mövsümün ikinci yarısında oynaya bilməyəcəyimi, fiziki hazırlıq üzrə məşqçiylə tək məşq edəcəyimi söylədi. Mən onun zarafat etdiyini düşündüm və Damyen Komollidən zarafat olub olmadığını soruşdum. “Yox, düzdür” dedi. O an ona hücum etmək istədim.

Ağlıma oynamadan keçirəcəyim dörd ay, Afrika Kuboku və s. gəldi . Ersun Yanaldan soruşdum ki, niyə məni istəmədiklərini əvvəllər deməyiblər. Dedi ki, sənə izah etməyə ehtiyac yoxdur, sən gedə bilərsən. Menecerimə zəng edib vəziyyəti izah etdim. İnanmadı.

Əvvəlcə menecerim Damyen Komolliyə zəng etdi. Sonra "Lill" və Luis Kamposa ("Lill"in idman direktoru) zəng etdi. Kampos “Fənərbağça”ya zəng edərək FIFA-ya şikayət edəcəyi ilə hədələyib. “Oyunçumuz dəyər itirəcək, niyə bizə göndərmədin"? dedi. İki komandanın çox problemi var idi.

Bütün bu prosesdə uduzan mən oldum. Əlcəzair millisinin oyunçusu kimi Afrika Kubokunda oynayacaqdım. İkinci hissədə oynamadığım üçün heyətə çağrılmadım. Əlcəzair həmin il Afrika Kubokunu qazandı. Mənim üçün bu, istər-istəməz acılı-şirinli bir sevinc idi.

Pulumu ala bilmirdim. Oynaya bilmədiyim üçün hər gün məşqlərə gedirdim və tək başıma məşq edirdim. 4 ay belə keçdi. Üstəlik, sosial şəbəkələrdə “Benziya oynamadığı halda niyə "Fənərbağça"dan pul alır?” kimi reaksiyalar da oldu.

Türkiyədə maaşlar həmişə gec verilir. 6-7 aydan sonra ödəməyi xoşlayırlar. Oynamadığım üçün pulumu verməməyə qərar verdilər. Ancaq oynayanlar arasında maaşını 3-4 ay gec alanlarda olub. May ayında FİFA-ya yazdım və 1 il gecikmə ilə də olsa, pulumu aldım.

Türkiyədə belə hallar tez-tez baş verir. "Fənərbağça" İslam Slimani ilə də eyni şeyi etdi. “Səni istəmirik” deyib oynamağa qoymadılar. Ola bilsin ki, icarə olduğumuz üçün bizi növbəti mövsüm heyətdə düşünmürdülər, amma başqa cür davrana bilərdilər. "Məsələn, bizi yanvarda göndərin".

 

 


 
 
 
 

 

 

 

 


Paylaş: