"Vəziyyətin müsbətə doğru dəyişəcəyinə inanıram" - Reziuan Mirzov

  • 19 Noyabr 2023, 14:08

Vurduğu 2 qolla “Zenit” üzərində qələbədə (2:1) böyük pay sahibi olan “Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, rusiyalı futbolçu əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb:

- Yaxşı rəqibə qalib gəldik. Güclü komanda ilə qarşılaşdıq. “Zenit”ə qalib gəlmək həmişə xoşdur. Emosiyalarım müsbətdir. Hansısa əlavə motivasiya yox idi. Amma dediyim kimi, bu cür rəqibə qarşı oynamaq hər zaman xoşdur. Onlara qol vurmaq daha da xoşdur. Bu matçda qələbə bizim üçün çox dəyərlidir. İndi qarşıdakı çempionat matçına hazırlaşacağıq.

 

 

- Oyundan əvvəl “Zenit”ə qol vuracağına söz vermişdin və sözünü tutdun.

- Bəli, mətbuat konfransında qol vuracağıma söz vermişdim. Sözümü yerinə yetirdim. Buna görə də çox məmnunam.

- Bəlkə hər oyundan qabaq azarkeşlərə qol vurmağı söz verəsən?

- Xeyr. Çünki alınmayanda deyəcəklər ki, dedin etmədin (gülür). Qol vurmaq hər zaman alınmır.

- Matçdan sonra “Zenit”in futbolçularından sənə yaxınlaşan, söhbətləşən oldu?

- “Zenit”də tanış oyunçular var. Onlarla danışdıq, məşqçilərlə də həmçinin.

- Son vaxtlarda daha yaxşı durumda olduğun görünür...

- Ümidvaram ki, oyundan-oyuna artıracam. Çünki buna qədər çox zaman itirmişəm. Hər matçdan sonra daha da artırıram. Qarşıdakı matçlarda daha yaxşı vəziyyətdə olacağıma ümidvaram.

- “Zenit”ə qarşı yaxşı oynadınız. Bəs daxili matçlarda niyə belə olmur?

- Ümid edirəm ki, bundan sonra çempionatda da belə çıxış edəcəyik. Qarşıdakı “Araz-Naxçıvan”la matçdan etibarən vəziyyətin müsbətə doğru dəyişəcəyinə inanıram.


Paylaş: