
Vitse-prezidentə 4 oyunluq cəza
AFFA II Liqa təmsilçisi "Kür-Araz"ın 3 futbolçusunu və vitse-prezidentini 4 oyunluq cəzalandırıb.
Sportlife.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
II turun "Göygöl" – "Kür-Araz" oyununun 62-ci dəqiqəsində qonaqların futbolçularından Elxan Məmmədov hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına, Elnur Məmmədovla Eltun Həsənli isə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiklərinə görə cəzalandırılıblar.
Həmçinin klubun vitse-prezidenti Kenan Yıldız hakimləri təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya edilib. Bununla yanaşı, həm futbolçular, həm də klub rəsmisinin hərəkətlərinə görə "Kür-Araz" ümumilikdə 4000 manat cərimələnib.
İntizam Komitəsi sözügedən görüş bitdikdən sonra azarkeşləri meydana daxil olduğuna görə "Göygöl" komandasını da 250 manat cərimələyib.