
AFFA baş katibinin keçmişi “qumar kralı” ilə kəsişir? - Şok İDDİA!
Ölkədə “qumar kralı” kimi tanınan və qanunsuz qumar oyunlarının təşkil edilməsi və əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında təqsirləndirilən "Şəkili Yusif" ləqəbli Yusif Baqiyev haqqında redaksiyamıza ilginc məlumat daxil olub.
Sportlife.az-a verilən xəbərə görə, Baqiyev uzun illər qanunsuz mərc oyunlarının yüksək əmsallarla qəbul edilməsi və təşkilinə də başçılıq edib. Verilən məlumatda ən maraqlı məqam odur ki, bütün bunların qanuni "Topaz" məntəqələrində baş verdiyi qeyd olunur. Belə ki, "Topaz" məntəqələrinə mərc etməyə gələn şəxslər öz "variantlar"ını daha yüksək əmsallarla məntəqədəki şəxslərə təqdim edir və daha yüksək qazanc əldə edirmişlər.
Böyük ehtimal ki, bu proseslərin gedişatından "Topaz" rəhbərliyinin xəbəri olub və məsələlər razılaşdırılıb.
Maraqlıdır ki, 2019-2020-ci illərdə "Topaz" ticarət nişanının aid olduğu “Caspiantech” şirkətinin baş direktoru hazırda AFFA-nın baş katibi olan Cahangir Fərəcullayev olub. Onun rəhbərlik etdiyi dövrdə “Topaz” məntəqələrində qeyri-qanuni mərc oyunlarının geniş yayıldığı, yüksək əmsallarla qeyri-rəsmi mərc qəbul edən şəxslərin sərbəst şəkildə fəaliyyət göstərdiyi və bu sxemin “Topaz” məntəqələri daxilində gizli şəkildə koordinasiya edildiyi iddia olunur.
AFFA-nın baş katibi kimi yüksək vəzifədə olan Cahangir Fərəcullayevin keçmişdə bu cür proseslərdə iştirak etməsi ehtimalı isə futbol və idman dünyasında şəffaflıq məsələsini də gündəmə gətirir. Bütün bu məqamlar ictimaiyyətin diqqətini cəlb edən ciddi məsələlərdən biridir.
Bu, Cahangir Fərəcullayevin rəhbərliyi dövründə nəzarətin zəif olması, yaxud bilərəkdən bu proseslərə göz yumulması ehtimalını artırır. Belə olan halda AFFA-nın hazırkı baş katibinin bu qanunsuz sxemin tərkib hissəsi olub-olmadığı ilə bağlı suallar yaranır.
Əlavə olaraq, Cahangir Fərəcullayevin AFFA-da rəhbərliyə gəldikdən sonra Azərbaycan futbolunun durumu da ciddi müzakirə mövzusudur.