Ayxan Abbasovun son imtahanı

  • Bu gün, 09:13

Azərbaycan millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində son iki oyununa çıxmağa hazırlaşır. D qrupunda yer alan yığma Bakıda bu gün İslandiya, üç gün sonra isə Fransa ilə üz-üzə gələcək. Bu qarşılaşmalar təkcə millinin qrupdakı taleyini deyil, həm də baş məşqçi Ayxan Abbasovun gələcəyini müəyyən edəcək. 

Fernandu Santuşun gedişindən sonra milliyə təyin olunan yerli mütəxəssis qısa müddətdə həm oyun, həm də düşüncə tərzində dəyişiklik yaratmağa çalışır. Amma bu prosesi asan adlandırmaq çətindir. Abbasov üçün meydandakı rəqiblər qədər meydandankənar təzyiqlər də ciddi problemə çevrilib.

Milli komandanın yerli mütəxəssis tərəfindən çalışdırılması hər kəsi razı salmayıb. Bəzi dairələrdə millinin yenidən əcnəbi məşqçiyə tapşırılmasını istəyənlər var. Bu, şəxsi planlarına daha uyğun gəlir. Ayxan Abbasov isə belə “razılaşdırılmış” məşqçilərdən deyil. O, sifarişlə iş görmür, futbol prinsipiallığı ilə tanınır. Məhz buna görə də son vaxtlar həm ona, həm də AFFA-ya müxtəlif istiqamətlərdən təzyiq hiss olunur.

Mətbuatda futbolçuların milliləşdirilməsi, uğursuz nəticə olacağı halda baş məşqçinin göndəriləcəyi barədə yayılan xəbərlər də bu fonun bir hissəsidir. Belə informasiyalar təsadüfi deyil, Abbasovun əlini zəiflətmək məqsədi daşıyır. Hətta məşqçinin “Şamaxı”da da büdrəməsini arzulayırlar ki, bu yolla bir bəhanə əldə etsinlər.

Ayxan Abbasovun işini çətinləşdirən əsas səbəblərdən biri də oyunçu seçiminin məhdudluğudur. Legioner limitinin ləğvindən sonra yerli futbolçuların çoxu klublarında əsas heyətə düşməkdə çətinlik çəkir. Hücumçular az oynayır, qapıçılar forma itirib, bəzi mövqelərdə isə rəqabət demək olar ki, yoxdur. Millinin əsas dayağı sayılan “Qarabağ” futbolçuları bu dəfə də ön plandadır. Lakin komandanın aparıcı üzvlərindən Elvin Cəfərquliyevin yüksək hərarət səbəbindən düşərgədən uzaq qalması vəziyyəti bir qədər də mürəkkəbləşdirib. Belə şəraitdə İslandiya və Fransa kimi komandalarla qarşılaşmaq asan deyil. Amma məhz bu oyunlar Abbasov üçün “imtahan” rolunu oynayır. 

Əgər milli komandamız bu oyunlarda meydanda mübarizə əzmi, taktiki nizam-intizam və oyun fəlsəfəsində irəliləyiş göstərə bilsə, hətta nəticə qazanmağa müvəffəq olsa, bu, Ayxan Abbasovun əleyhinə olan qüvvələrin arqumentlərini zəiflədəcək. Amma nəticə mənfi olarsa, eyni qüvvələr üçün bu, “hazır bəhanə”yə çevriləcək.

Futbolda nəticə hər şeyi müəyyən edir. Amma bəzən nəticədən daha vacib olan, hansı şəraitdə və hansı mühitdə o nəticə üçün mübarizə aparıldığıdır. Ayxan Abbasovun işi məhz belə bir şəraitdədir — meydanda rəqiblərlə, meydandankənarda isə sistemlə qarşı-qarşıya gəlir. İndi sual budur: Azərbaycan futbolu yerli mütəxəssisə sahib çıxa biləcəkmi?

Turqay


Paylaş: