
Ekosistem - Rövşən Nəcəfin ritorik zirehi
Əcəb bəhanə tapmısınız, Rövşən Nəcəf. Əvvəl “inkişaf”, “vizion”, “islahat” deyirdiniz, indi də “ekosistem”. Sözlər dəyişib, bəs son 1 ildə başqa nələri dəyişə bilmisiniz?
Bu ifadə AFFA-nın və rəhbərliyinin problemlərin əsl səbəblərindən yayınmaq üçün seçdiyi yeni, dəbdə olan “qoruyucu qalxan”dır.
Bu mistik "ekosistem" nədir və kim tərəfindən inşa edilməlidir? Ekosistem yalnız təbiətdə deyil, idarəçilikdə də öz-özünə formalaşmır. Ona start verən, onu quran, ona nəfəs verən lazımdır.
Əgər bütün məsuliyyət qeyri-müəyyən “ekosistem”in boynuna atılırsa, bəs onda bu qədər strateji sənəd, makroplanlaşdırma nə üçün idi?
Strategiya yazılıb, amma strategiyanın strateqləri bilinmir. Strateji sənədin hazırlanmasına ayrılmış milyonluq resursların qarşılığında bizə təqdim olunan tək cavab budur: "Hər şey ekosistemin inkişafından asılıdır."
AFFA rəhbərləri bu suallar haqda da düşünsünlər:
- Bu ekosistemi inşa edəcək memar varmı?
- Katalizator funksiyasını kimlər yerinə yetirəcək?
- Xaotik sistemə harmoniyanı kim gətirəcək?
Yoxsa bu “ekosistem” sadəcə ritorik zireh, tənqidləri sovuşdurmaq üçün geyinilmiş post-müasir bəhanə paltarıdır?
Mirələm HƏSƏNLİ