Hafiz Zeynalovun eynəyindəki "Neftçi"
"Neftçi"nin tarixində indiki qədər dağıdıcı rəhbərlik olmayıb. Bu qədər uğursuzluğu belə ardıcıllıqla ipə düzmək... doğrudan xüsusi "istedad"dır.
Bu işlərin memarları haqqında yazmamaq olmur, amma tənqid xoşlarına gəlmir deyə gəlin biz də məsələyə “pozitiv” yanaşaq.
Məsələn, dünən “Neftçi”nin kubokla da sağollaşmasını… sabitlik "nümunəsi" kimi qiymətləndirək. Azarkeşlərin də əsəbləri daha az sərf olunacaq - bu da müsbət tərəfi. Ona görə klub idarəçilərinə xüsusi “təşəkkür”: çap, çap, çap...
Müşahidə Şurasının sədri Hafiz Zeynalovun adı çəkiləndə kimlərinsə ürəyi sıxılır. Narahat olmasınlar, anlayıram. Amma yenə də soruşmaq istəyirəm: Zeynalov “Neftçi”ni hansı rakursdan müşahidə edir? Yaxud Cenk Sümerin, Kamil və Kamil Məmmədovun işi doğrudanmı onun eynəyindən yaxşı görünür?
Şuranın digər üzvləri nəyi gözləyirlər? Yeni baş məşqçi gələcək və hər şey düzələcək?
İdarəçilikdəki boşluqlar bu qədər aydın göründüyü halda, hansı məşqçi gəlib möcüzə yaradacaq?
"Neftçi"nin düşmənləri çöldə deyil, elə öz içlərindədir. Kimlərsə “Neftçi”nin şüarlarını eşitmək, uğurlar qazanmasını görmək istəmir...
Mirələm HƏSƏNLİ