
Heç nə demədən danışan adam
"Iıı, ilk addımlarımızı atmalıyıq. Iıı, onu hansı istiqamətdə atmalı olduğumuzu müəyyənləşdirməliyik. Daxildə artıq bəzi məqamlar aydındır. Yəni, bu məqamlar hansıdır? Yəni, uşaq futbolu ilə bağlı meydançalar, stadionlarla bağlıdır. Bilirsiniz ki, bəzi liqaları keçirmək üçün belə, aaa, şərait yoxdur. Amma, ııı, müəyyən büdcə məsələləri var ki, prioritet istiqamətləri seçməliyik və buna uyğun hərəkət etməliyik. O cümlədən, bu mənada planlaşdırma çox vacibdir. Iıı, bu, birdəfəlik proyekt deyil, ən azı, ııı, 4 il baş verəcək layihədir. Ona görə, aaa, hazırda ciddi planlama işləri gedir və prioritet....".
Bu sözləri Latviyada jurnalistlərin qarşısına çıxan AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.
Fərəcullayevin bu açıqlaması bir daha sübut edir ki, Azərbaycan futbolu nəinki planla, heç düzgün cümlələrlə də idarə olunmur. Ən azı bu çıxışdan belə görünür. Fikirlərdə söz var, amma məna yoxdur.
Fərəcullayev “İlk addımlarımızı atmalıyıq” – deyir. Bunu hamı bilir. Nə vaxt? Hardan? Hara? Gecikdiklərini etiraf etsəydi, daha maraqlı olardı.
Daha sonra “bəzi məqamlar aydındır” cümləsi gəlir. Hansı məqamlar? Kimin üçün aydındır? Fərəcullayev aydındır deyir, amma heç nə izah etmədən keçir. Həqiqətən heç nə aydın deyil...
Uşaq futbolu, stadionlar, büdcə, planlaşdırma... Yenə biz yazdığımız fikirləri Fərəcullayev təkrar edir. Sonra “Layihə olacaq, amma bu birdəfəlik deyil, ən azı 4 il baş verəcək layihədir” — deyə əlavə edir və AFFA-nın klassik formulu işə düşür: vaxtı uzat, detaldan qaç, ümumi danış, amma elə danış ki, heç kim tutarlı sual verə bilməsin.
Əslində, bu çıxış Azərbaycan futbolunun geriləmə səbəblərinin qısa xülasəsidir. Fikirlər natamam, istiqamətlər qeyri-müəyyən, nəticə sıfır...
AFFA-nın baş katibi deyir ki, planlama vacibdir. Bunu biz də bilirik. Bu danışıq “zaman keçsin, mövzu dəyişsin” texnikasıdır. Mətbuat qarşısında sadəcə zaman öldürən cümlələr səsləndirilir.
Uzun sözün qısası, Fərəcullayevin bu açıqlamasına bircə ad vermək olar: Heç nə demədən danışmaq!
Mirələm HƏSƏNLİ