“Neftçi”nin fiaskosu davam edir
Son çempion “Neftçi”nin qış fasiləsinə lider “Qarabağ”dan 11 xal geridə və 3-cü pillədə yollanması gözlənilməz olsa da, yayda heyətə cəlb edilən futbolçuların 95 faizinin ümidləri doğrultmaması, daha dəqiqi, klubun transfer siyasətinin startdaca fiaskoya uğraması “ağ-qaralar”ın cari turnir cədvəlindəki mövqeyində əksini tapdı. Əslində, gözlənilən idi.
Çünki yayda ardıcıllıqla qatıldığı bütün avrokubok görüşlərində uğursuz çıxış edən Samir Abasovun komandasının transferləri sonradan tələm-tələsik, başdansovdu etdiyi qısa zaman kəsiyində gün kimi aydın görünməyə başladı. Təsadüfi deyil, 2021-ci ildə komandanın heyətində ən çox qol vuran – ən yaxşı futbolçusu Namiq Ələsgərovun, eləcə də əsas heyətdə stabil çıxış edən milli üzvü Anton Krivotsyukun düşərgədən ayrılması və bunun fonunda futbolu qurtarmış Sezar Meza Kolli, Huqo Basto, Rumen Bask, Xorxe Korrea, Harramiş Soareş, Tyaqo Bezerra və Ramon Maçadonun transfer xətrinə transfer edilməsi 6 ay keçməmiş iddiaları təsdiqləmiş oldu. Bu “yeddilik”dən yalnız ən sonuncusu – Bezerranın özünü cüzi formada yaxşı tərəfdən göstərməsi də artıq “Neftçi”nin çempionluq marafonundan xeyli uzaq düşməsinin qarşısını ala bilmədi. Qış fasiləsindən necə qayıdacağından asılı olmayaraq, ən sadiq azarkeşləri belə, “ağ-qara” komandanın birincilik uğrunda yarışda duruş gətirəcəyinə inanmır.
Buraya komanda daxilindəki mənfi ab-havanı, ələlxüsus rəhbərliklə məşqçilər korpusu və məşqçilər korpusu ilə futbolçular arasında əsən “soyuq küləkləri”i də əlavə etsək, vəziyyətin bugünkü mənzərəsi məntiqlidi. Klub rəhbərliyi hər nə qədər Samir Abasovun arxasında dayandığını göstərməyə çalışsa da, hər kəsə bəllidi ki, məşqçi ilə başbilənlərin münasibəti bir tükdən asılıdı. Hər an qopa bilər. Roberto Bordini gecəylə yola saldıqları, yaxud elə gecənin bir aləmində Kamran Quliyevin prezident postuna gətirildiyi kimi.
Bunlar bir yana, klubun qış fasiləsində radikal islahatlara – dəyişikliklərə gedəcəyi proqnozlaşdırılsa da, əksi görünməkdədi. Yeni nəfəs labüd olduğu halda artıq uğursuz transferlərdən Rumen Baskı yola salan “Neftçi”nin heyətə qatdığı və qatmağa hazırlaşdığı futbolçuların adları idman camiəsində, azarkeşlərdə həm gülüş yaradır, həm qıcıq doğurur. Azər Salahlı bərbad futbolçu deyil, elə “Keşlə” səviyyəsindədi, ortababdı. Bu üzdən onun çempionluq uğrunda yarışan, ciddi, böyük hədəfləri olan komandaya gətirilməsinə uzun-uzadı şərh vermək, fikrimcə, yersizdi. Köhnə transferlər arasında ən yaxşılardan olan Mamadu Kaneni “Olimpiakos”a satıb pula aldanan, əli ətəyindən uzun qalan Samir Abasovun millimizin düşərgəsində qalmaqal salmış pulgir Eddi İsrafilovu almaq istəməsi, yaxud alması isə...
Azərbaycan azarkeşində mənfi imic formalaşdırmış naməlum “azərbaycanlı”nın, 6 aydan bir klub dəyişən qeyri-peşəkar birinin böyük hədəfləri olan “Neftçi”yə gətirilməsi, Azər Salahlı kimi sıradan futbolçunun alınması, heç də böyük məqsədlərdən xəbər vermir. Əksinə, yüngül desək, klubun transfer siyasətində fiaskonun davam etməsi anlamına gəlir. Bunu anlamaq üçün zamana ehtiyac yoxdu, görünən kəndə nə bələdçi...
Elvin ƏHƏD