“Sabah”ın strateji qış planı
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın milli fasilədə Şahdağda istirahəti mənə bir məqamı xatırlatdı. 2022/2023 mövsümündə Murad Musayev də eyni məkanda dincəlmiş, hətta klub rəhbərliyi ilə Musayev arasında komandanın gələcəyi ilə bağlı xüsusi görüş keçirilmişdi. Həmin dövrdə "Sabah" bir neçə oyunluq eniş yaşamış, fasilədən sonra isə toparlanaraq Premyer Liqanın gümüş medallarını qazanmışdı.
Hazırkı turnir cədvəlinə nəzər yetirək: Lider "Qarabağ" və "Sabah" digər klublardan bir oyun az keçirib. Bu iki komanda arasında cəmi 2 xal fərq var. Ehtimal etmək olar ki, klub rəhbərliyi məhz mövsümün bu həssas məqamını nəzərə alaraq Dambrauskasın həm fiziki, həm də mental baxımdan yükünü azaltmağa, fikir dağınıqlığını aradan qaldırmağa şərait yaradıb.
Qış fasiləsinədək "Sabah"ın xal itkisi yaşamaması mövsümün gedişatını ciddi şəkildə dəyişə bilər. Xüsusilə də dekabrın 18-də "Qarabağ"la keçiriləcək təxirə salınmış oyun mövsümün kritik dönəmlərindən biri olacaq.
Qış fasiləsinə lider kimi yollanmaq klub rəhbərliyi üçün həm psixoloji, həm də strateji baxımdan böyük üstünlükdür. Büdcə imkanlarına görə "Qarabağ" və "Neftçi"dən geri qalmayan "Sabah"ın çempionluq iddiası real görünür. Bunu kənardan da aydın şəkildə hiss etmək mümkündür. Artıq əsas məsələ həmin iddianı gerçəkləşdirəcək doğru planlama və düzgün idarəetmənin ortaya qoyulmasıdır.
Mirələm HƏSƏNLİ