Yarıtmaz FİF

Yarıtmaz FİF

  • 21 Oktyabr 2022, 18:55

 Futbolun İnkişaf Fondu - Adından da bəlli olduğu kimi bu fond ölkədə futbolun inkişafına dəstək verilməsi üçün təsis edilib. Təşkilatın rəsmi feysbuk səhifəsindəki “haqqında” bölməsində qeyd olunduğu kimi:  

“Missiyamız region futbol klublarına dayanıqlı maliyyə mənbələri tapmaqda kömək etmək və cəmiyyətin hər bir fərdinə region klublarının inkişafında iştirak etmək imkanı yaratmaqdır”.

Qurum haqqında rəsmi məlumat üçün nəyə görə feysbuk səhifəsinə istinad etməli oldum? Çünki 2016-cı ildə yaradılan və bu ilin fevral ayından aktiv fəaliyyətə başlayan fondun domeni hələ yenicə qeydiyyatdan keçirilib və sayt hazır deyil. Baş səhifədə feysbuk səhifəsinə keçid linki qoyulub. Azərbaycan futbolunu inkişaf etdirmək istəyən qurumun öz işləri də yarı-yarımçıqdır. Necə ki, region klublarının avtobusu yoxdur, FİF-in də rəsmi saytı...

Əldə etdiyimiz məlumata görə, region klublarına maliyyə mənbələri tapmağı qarşısına məqsəd qoyan təşkilatın özünün də maliyyə dayağı yoxdur. Qurum AFFA-dan maliyyələşir. Premyer Liqadakı region klubları kimi...

Fevral ayından aktiv fəaliyyət adı ilə işə başlayan FİF klublara hələ də sponsor tapa bilməyib. Doğrudur, müxtəlif bölgələrə səfərlər edilir, görüşlər təşkil olunur. Ancaq nəticə yoxdur. Yol və otel xərclərini nəzərə alsaq, deyə bilərik ki, FİF AFFA-nı ziyana salır.

FİF-in müxtəlif kommersiya şirkətləri və AFFA tərəfindən maliyyələşəcəyini düşünsək də, qurumun əsas gücü “100k” layihələrinə verməsindən belə aydın oldu ki, Futbolun İnkişaf Fondu əslində ianələrin toplanması istiqamətində fəaliyyət göstərəcək.

“Turan Tovuz” və “Kəpəz” klublarına avtobus almaq üçün ianə kampaniyası keçirən FİF uğurlu nəticəyə nail ola bilmir. Qurum rəsmisi saytımıza verdiyi açıqlamada bildirmişdi ki, toplanmış vəsait 10 %-ə yaxınlaşır.

8 aylıq fəaliyyətin göstəricisi budursa, deməli, xalq digər fondlara inandığı kimi inanmır. İstər sıravi azarkeş olsun, istərsə də iş adamı, hər kəs fonda köçürəcəyi 1 manat olsa belə, əvvəlcə onun doğru-düzgün xərclənəcəyinə inanmaq istəyir.

İnamsızlığın əsas səbəbi Elxan Məmmədov amilidir. Belə ki, Futbolun İnkişaf Fondunun AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun təşəbbüsü ilə təsis edilməsi və fonda hal-hazırda Məmmədovun kadrı sayılan Tural Piriyevin rəhbərlik etməsi futbol azarkeşi olan insanlarda quruma qarşı böyük inamsızlıq formalaşdırıb.

Məlum məsələdir ki, futbol azarkeşlərinin Elxan Məmmədova qarşı münasibəti birmənalı olaraq yaxşı deyil. (Azərbaycan milli komandasının hər məğlub olduğu oyunlardan sonra sosial şəbəkələrdə yazılan fikirləri yada salmaq kifayətdi). Bu halda onun yaradıb nəzarət etdiyi fonda kimsə ianə edərmi?

Ümumiyyətlə, suallar çoxdur. Daha bir neçə sual:

İllərdir AFFA dövlətin neft büdcəsindən gələn büdcə ilə Bakıda məskunlaşan klublara milyonlar xərcləyib. Hansı xeyirləri dəyib bu xərclərin ölkə futboluna?

 

Camaat necə inansın ki, ianə etdiyi vəsait klubuna, bölgəsinə xeyir verəcək?

 

İndiyədək SOCAR-ın pulunu xərcləyən AFFA, indi də FİF-ə yığılacaq ianəyə ümid edir?

 

Xeyirxah işlərə ianə edən xalq, AFFA-nın milyonlar müqabilində düzəldə bilmədiyi futbolumuza niyə ianə etsin?

 

Xalq inanmır. İanə yığılmır. İş adamları maraq göstərmir. Necə ki, illərdir ki, klublar bunu bacarmırlar və heçnə dəyişməyib. Futbolun İnkişaf Fondu da bu işi yarıtmadı. Fakt göz önündədir...

Mirələm Həsənli


Paylaş: