Şüşəyə məhkum edilmiş top

  • 5 Mart 2025, 16:59

Bu kadrın dərin mənası var. Ona dərinlik qatan topun şüşə qutunun içində olmasıdır. Buna görə də AFFA-nın baş katibi Cahangir Fərəcullayev və vitse-prezidenti Sərxan Hacıyev o topa diqqətlə baxırlar.

Sərxan Hacıyev topa baxaraq fəlsəfi düşüncələrə dalıb: "Bəlkə də problem bizim futbola və topa olan yanaşmamızdadır". Yanında duran AFFA-nın baş katibi Cahangir Fərəcullayev isə sakitcə gülümsəyir. Bəlkə də bu an öz-özünə düşünür: "Bu top niyə şüşənin içindədir?"

Biz də bu mənzərəyə heyrətlə baxırıq. Bu top nə vaxtsa şüşənin içindən çıxacaqmı? Yoxsa AFFA-nın futbol planları da elə bu şüşənin içində qalacaq?

Bəlkə də, AFFA rəhbərliyi futbolun yeni konseptual modelini təqdim etməyə hazırlaşır və bu foto gizli bir mesajdır. Futbola kabinetlərdən gələnlərin topu şüşə qutuya yerləşdirməsi elə AFFA-nın futbol idarəçiliyinin metaforasıdır.

Hər kəs başa düşməlidir ki, AFFA üçün futbol artıq meydanda oynanan bir oyun deyil, sadəcə nümayiş etdirilən bir eksponata çevrilib.

Mirələm HƏSƏNLİ 


Paylaş: