
"Millidə yerli məşqçiyə üstünlük verilməlidir"
Azərbaycan millisi ötən gün yoldaşlıq görüşündə Haiti yığmasına məğlub olub.
Rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edən yığma 2025-ci ildəki ilk oyununda 0:3 hesabı ilə uduzub.
Millinin sabiq futbolçusu Kamal Quliyev matçla bağlı fikirlərini Sportlife.az saytı ilə bölüşüb:
"Mən millidən belə oyun gözləmirdim. Dünən futbolçular meydana sanki məcbur çıxmışdı. Bu cür rəqibə qarşı oyunda bərbad nəticə bizə yaraşmır".
Veteran futbolçu uğursuz nəticələrin səbəblərini açıqlayıb: "Artıq 7 oyundur qələbə qazana bilmirik. Bir çox səbəblər var. Baş məşqçi yoldaşlıq görüşlərində rotasiyalar edir. Bəzi futbolçulara şans verir. Amma hələ də əsas heyət formalaşmayıb. Bizdəki ən böyük problemin bu olduğunu düşünürəm. Optimal heyət olmalıdır. Sonra rotasiyaları düşünmək olar. Gələcək matçlarda artıq heyət qurmağa vaxt qalmayacaq. Məncə, millimizin uğurlu çıxış etməyi üçün yerli məşqçiyə üstünlük verilməlidir. Azərbaycan futboluna daha yaxından bələd olan biri olsa, uğurlu olacağımızı düşünürəm".
Akif ƏHMƏDOV