FİF-in nümayəndəsi: "Bütün region klubları üçün müəyyən planlarımız var" - MÜSAHİBƏ

FİF-in nümayəndəsi: "Bütün region klubları üçün müəyyən planlarımız var" - MÜSAHİBƏ

  • 24 Fevral 2023, 20:00

Keçmiş futbolçu, FİF-in region üzrə nümayəndəsi Nicat Qurbanov Sportlife.az-a müsahibə verib.

31 yaşlı sabiq oyunçu saytımıza müsahibəsində FİF-dəki vəzifəsi, məşqçilik karyerası barədə danışıb.

Müsahibəni təqdim edirik:

- Karyeranızı bitirdikdən sonra FİF-də regionlar üzrə nümayəndə kimi çalışırsız. İşinizlə bağlı məlumat verərdiniz...

- Karyeramı bitirdikdən sonra UEFA C lisenziyasını oxudum və aldım. Uşaq futbolunda bir müddət işlədim. Sonra FİF-dən təklif gəldi. Tural bəylə görüşüb, danışandan sonra regionlar üzrə koordinator təyin olundum.

-  Futbol üçün darıxmırsız? Yenidən karyeranızı bərpa etmək barədə düşünmürsüz?

-  Futboldan çox uzaqlaşmamışam. Oyunları yaxından izliyirəm. İşlə əlaqədar regiondakı oyunlara da tez tez gedirəm. Açığı desəm, bu barədə heç düşünmürəm. İşlər çoxdur.

- Adətən futbol karyerasını bitirənlər məşqçilik karyerası qurmağa can atır. Siz nə əcəb bu barədə düşünmədiniz?

- Bir müddət “Beşiktaş” futbol məktəbində məşqçilik elədim, amma FİF-dən gələn təklif daha maraqlı idi. Region klublarına dəstək üçün nəsə edə bilmək adama motivasiya verir. Lakin məşqçilik etmək ağlımda var. Necə olacağını zaman göstərəcək.

- Özünüzü daha çox funksioner kimi təkmilləşdirməyi düşünürsüz, yoxsa məşqçiliklə bağlı planlarınız var?

-  İkisi də məsuliyətli işdir və hər işin öz maraqlı və çətin tərəfləri var. Sözsüz ilk öncə öz biliklərimi artırmaq istəyirəm və bu yolda müəyyən işlər görməyə başlamışam. FİF də mənə bu yolda çox ciddi dəstək olur. Özümü inkifaş etdirə bilirəm. Məşqçilik barədə də düşünürəm, amma ilk öncə B kateqoriyasını oxumalıyam. Payızda alınsa, sənədlərimi AFFA-ya verəcəm.

- FİF-də əsas işiniz nədən ibarətdir?

- Region klublarına sponsorların tapılmasına və klubların uzun müddətli inkişaf strategiyasının hazırlanmasına köməklik edirik. Potesial sponsor olmaq ehtimalı olan şirkətlərlə görüşlər keçiririk. Bunun nəticələrini artıq görməyə başlamışıq. “Turan Tovuz” artıq yeni sponsorla FİF-in vasitəsi ilə müqavilə imzalayıb. Ümid edirik, digər reginon klublarına da sponsorlar tezliklə tapılar.

-  Sizin konkret funksiyanız nədən ibarətdir?

-  Region klubları ilə bütün işləri koordinasiya edirəm. Qeyd etdiyim kimi strategiyanın hazırlanmasına baxır, sponsorlarla ilkin görüşləri və təqdimatları mən edirəm.

-  Başqa region klubları üçün real danışıqlar var?

-  Bütün region klubları üçün müəyyən planlarımız var və bu plan üzrə işlər gedir. Bu tək Premyer Liqa klublarına aid deyil. Birinci divizion klublarına da aiddir.


Paylaş: