"İstəmərəm ki, “Qəbələ” 1-ci Liqaya düşsün" - MÜSAHİBƏ
“Qəbələ”nin kapitanı Urfan Abbasovun Sportlife.az-a müsahibəsini təqdim edirik.
Son oyunda qələbə qazandınız. "Səbail"lə matçı necə dəyərləndirirsən?
- “Səbail”lə matç yaxşı keçdi. Əsas odur ki, oyunda mübarizə var idi. Çalışdıq, əlimizdən gələni etdik və şükürlər olsun ki, yekunda qələbə qazandıq.
14 oyundan sonra qalib gəlmək necə hissdir?
- Qalib gəlmək sevindiricidir. Çoxdandır qələbə qazana bilmirdik. Bu oyunda cavanlar üstünlük təşkil edirdi. Hətta debüt edənlər də oldu.
Sonuncu pillədə olacağınız dəqiqləşdiyi üçün oyunlara formal olaraq çıxırsınız?
- Formal çıxırıq deyəndə, biz istəməzdik ki, vəziyyət belə olsun. Biz hər oyuna qələbə üçün çıxmışıq. Hər dəfə vurğulayıram ki, elə oyunlar olub, biz qalib gəlməliydik. Amma bəxtimiz gətirməyib.
Qarşıdakı oyunlar üçün motivasiya mənbəyiniz nədir?
- Biz peşəkar futbolçularıq. Ən azından özümüzü göstərmək və qələbə üçün çıxacağıq qarşıdakı oyunlara.
Taleyinizlə barışıb 1-ci Liqaya düşməyi qəbul etmisiniz? Yoxsa reqlamentin dəyişdirilməyinə - "Qəbələ"nin Premyer Liqada qalamasına ümid edirsiniz?
- Ümid edirəm ki, “Qəbələ” Premyer Liqada qalar. İstəmərəm ki, “Qəbələ” 1-ci Liqaya düşsün. Bunu zaman göstərəcək. Düşsək belə, yaxşı oynayıb, əsas liqaya qalxmaq olar.
Urfan, şəxsən özünün gələcəklə bağlı hansı planların var? Yəni, 1-ci Liqaya düşsəniz, "Qəbələ"ni tərk etmək ehtimalın var?
- Öz gələcəyimlə bağlı heç bir planım yoxdur. Gözləyirik, görək, hadisələr necə cərəyan edəcək?! Xeyirlisi olsun!
Qulammirzə Səfərli