"Səbail"in kapitanı: "Komanda olaraq yuxulayırdıq"
“Səbail”in kapitanı Yusif Nəbiyevin “Qəbələ” ilə oyun üçün Qəbələyə ezam olunmuş əməkdaşına müsahibəsini təqdim edirik:
0:2 hesabı ilə məğlub durumda olduğunuz oyunda geridönüş edərək qələbə qazandınız. Oyunla bağlı təəssüratların nələrdir?
- Oyun bilirdik ki, çətin olacaq. “Qəbələ”nin son şanslarından idi. İlk hissədə 0:2 hesabı ilə geri düşdük. Komanda olaraq yuxulayırdıq. İkinci hissədə özümüzdə güc tapdıq, oyunu dəyişdik. Sevinirik ki, 3 xal qazandıq.
Rəqib komandanın 10 nəfərlə qalması sizə necə təsir etdi?
- İstər-istəməz rəqibin 10 nəfərlə qalması bizə güc verdi. Mən bilmirəm ki, 11 nəfərlə qalsaydılar, necə oyun olacaqdı?! Yekunda biz qalib gəldik.
Rəqib futbolçular hakim idarəçiliyindən emosional şəkildə şikayət edirlər. Bu barədə fikirlərin nədir?
- Mən rəqib futbolçuların fikirlərinə hörmətlə yanaşıram. İstəmirəm bu barədə danışım.
“Səbail”in qarşısına ən yüksək hansı pillə hədəf qoyulub?
- Mövsüm başlayandan bizim qarşımıza hansısa 2-ci, 3-cü pillə hədəf qoyulmayıb. Yaxşı oyun göstərib, Premyer Liqada qalmaq və bacardığımız qədər üst pillələrdə qərarlaşmaqdır məqsədimiz. Bu gün şans yaranıb. Bundan istifadə etməyə çalışacağıq. Alınsa, lap yaxşı, alınmasa, bunda ölümlü bir şey yoxdur.
Mövsümün sonunda komandada qalmağı düşünürsən?
- Öz karyeram barədə hələ fikirləşmirəm. Mövsümün sonunda hələ oyunlar var. Onlar bitsin, sonra qərar verərəm.
Hidayət Qurbanov / QƏBƏLƏ