6 Dekabr 2017, 10:30
205
Qurban Qurbanov onlar haqqında qərarsız danışdı: Futbolçularda təcrübə çatmadı

“Roma”nı təbrik edirəm. Onlara növbəti oyunlarında uğurlar arzulayıram. Çox istərdim ki, məğlub olmayaq. Amma bir qol buraxdıq. Buna baxmayaraq, razı qaldım. Layiqli çıxış etməyə çalışdıq. Ağır idi. Komandamız məğlub olmaq istəmirdi”. Sportlife.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov söyləyib.

Çempionlar Liqasının qrup mərhələsinin son oyununda səfərdə “Roma” ilə oyun keçirən ağdamlıların çalışdırıcısı 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Ümumilikdə, qrup mərhələsindəki çıxışınızı necə dəyərləndirərdiz. Ağabala ilə Ramili son dəqiqələrdə ikisinin eyni vaxtda buraxılması məğlub olmaq istəməməyinizdən irəli gəlirdi?

- Çıxışımızı normal hesab edirəm. “Çelsi” ilə ilk oyunu kənara qoysaq, futbolçularımız layiqli çıxış etdilər. Bəlkə də əlavə xallar qazanmaq imkanımız var idi. Amma bəzi oyunlarda vərəqə aldığımız epizodlarda futbolçularımızda təcrübə çatmadı. Ümumilikdə, razı qaldım. Rəqiblərimizin hər biri ilk iki yeri tutmağa layiq idilər. Ramillə Ağabalanı oyunun gedişatına uyğun olaraq meydana buraxdıq. Hücumda hərəkətliliyi artımağı düşündük. Onlar hücum xəttində sürəti daha da artırmalı idilər.

- Qrupda üç oyunda qırmızı vərəqə aldınız. Onlar olmasaydı, bunun qrupdakı yerinizə təsiri ola bilərdimi? Bu gün müdafiə xəttinizin çıxışını necə dəyərləndirərdiz? Üç aparıcı futbolçunun yoxluğunda müdafiə xəttinin çıxışından razı qaldınızmı?

- Bizim kimi komandalarda əlimizdə nə qədər çox oyunçu olsa, variantlar da çox olur. Onların olmaması bizim üçün sıxıntılar yaratdı. Daha çox xal toplaya bilərdikmi, bunu deyə bilmərəm. Müdafiə xəttinin oyununa gəlincə, bir-iki epizodu çıxmaq şərtilə çox diqqətli oynadılar. Hər bir futbolçunun çıxışından razı qaldım. Xüsusilə də müdafiə xəttinin oyunundan. Sadəcə, hücum xəttində düşündüyümüz bəzi epizodlar alınmadı.