Eltun Yaqublu: Əyləncəyə, kafelərə az zaman ayırıb, məşqlərə ciddi yanaşmaq lazımdı

Eltun Yaqublu: Əyləncəyə, kafelərə az zaman ayırıb, məşqlərə ciddi yanaşmaq lazımdı

  • 22 Dekabr 2017, 21:04

"Səbail"in kapitanı Eltun Yaqublu klubun mətbuat xidmətinə müsahibə verib. Sportlife.az həmin müsahibəni təqdim edir:

- Nə üçün futbolçu olmağa qərar verdiz?
- Futbola uşaqlıqdan böyük həvəsim olub. Hər futbolçu kimi mən də məhəllədə oynayaraq başlamışam. İlk başlarda ailəm futbolçu olmağıma qarşı çıxsa da, daha sonra dayımın məni dəstəkləməsi ilə futbola başlaya bildim.

- Sizin üçün karyeranızın ən önəmli matçı və ya ən unudulmaz anı hansı idi?
- Deməzdim ki, çox böyük oyunlar olub karyeramda. Amma "Neftçi" - "Zirə" kubok oyununu qeyd etmək istərdim, hansı ki, mərhələni keçdiyimiz üçün çox sevinmişdik. Bu oyuna görə üstümüzdə çox böyük təzyiq var idi.

- Futbolda kumiriniz kimdi?
- Futbolda kumirim yoxdu, lakin ən sevdiyim oyunçu kimi Kriştiano Ronaldonu qeyd etmək istərdim.

- Hobbiniz nədi?
- Mənim film və kitablara çox da marağım yoxdu. Lakin özümü əsl avtomobil həvəskarı adlandıra bilərəm.

- Sevdiyiniz film, kitab və ya musiqi hansıdı?
- Ən çox Özcan Denizin filmlərini bəyənirəm. Azərbaycan filmlərindən isə, "Təhminə və Zaur"u çox xoşlayıram. Bəyəndiyim musiqilərə gəldikdə isə, əsasən xarici musiqilərə üstünlük verirəm. Eyni zamanda bəzən zövqümcə olan yerli musiqiləri də dinləyirəm.

- Həyatda hansı prinsiplərə üstünlük verirsiz?
- Hər zaman ətrafımda dürüst və səmimi insanlar olduğu üçün, bu kimi prinsiplər mənim üçün həyatda çox önəmlidi.

- İnsanlarda ən çox dəyər verdiyiniz nədi?
- Hər bir insan fərqli tərbiyə olunur və fərqli düşüncədə böyüyür, amma insanda ən çox dəyər verdiyim dürüstlükdü. Uşaqlıqdan bu dəyərlə böyümüşəm. İlk məşqçim İslam Kərimovun bir sözü heç vaxt yadımdan çıxmır - "Ən yaxşı biclik düzgünlükdü".

- Karyeranızda əsas məqsədiniz nədi?
- Karyeramda böyük uğurlar olub deməzdim, komandam ilə birlikdə Avropa Liqasında ilk yerlərdə qərarlaşmaq, möhtəşəm hiss olardı. Əlavə olaraq, hər bir yerli futbolçu kimi mənim də arzum milli komandanın formasını geyinib beynəlxalq arenada ölkəmizi təmsil etməkdi.

- Gənc futbolçulara nə kimi məsləhətiniz var?
- Gənc futbolçulara məsləhətim, öz üzərlərində çalışmaları yöndədi. Digər işlərdə 50-60 yaşa kimi çalışmaq mümkündü, lakin futbolçu karyerası qısa olur. Tutaq ki, futbolçu 20 yaşında parlasa və 30 yaşına kimi oynasa, bu on ili maksimum dərəcədə dəyərləndirmək lazımdı. Məsələn mən bəzi illərimi düzgün dəyərləndirmədiyim üçün təəssüflənirəm. Mümkün qədər əyləncəyə, kafelərə az zaman ayırıb, məşqlərə daha ciddi yanaşmaq lazımdı.

- Azarkeşlər haqqında nə demək istərdiz?
- Gənc komanda olmağımıza baxmayaraq, hər oyunda azərkeşlərimizin sayı daha da artır. Hətta biz öz aramızda söhbət edərkən "meydança tam dolsa, daha maraqlı" olar deyirik. Sonda azarkeşlərimizə bizə hər zaman dəstək olduqları üçün təşəkkür etmək istəyirəm.


Paylaş: