Odina Bayramova: Azerkesleri meyus etmemeliyik

Odina Bayramova: Azarkeşləri məyus etməməliyik

  • 21 Sentyabr 2017, 18:00

Voleybol üzrə Azərbaycan milli komandasının kapitanı Odina Bayramova Avropa çempionatı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az-ın məlumatına görə, Bayramova Avropa çempionatına hazırlıq və komandanın şansları barədə danışıb:

- Yüksək səviyyədə hazırlıq keçmişik. Avropa çempionatına, qalib gəlməyə tam hazırıq. Belə yarışlarda meydan sahibi olmaq böyük şərəfdi. Biz də öz məsuliyyətimizi yaxşı dərk edirik. Azərbaycanı, xalqımızı, azarkeşlərimizi məyus etməməliyik.

- Qrupdakı rəqibləriniz haqda nə fikirləşirsən?

- Rəqib, istənilən halda rəqibdi. Zəif olmur, oynamaq lazımdı. Hamımıza uğurlar arzulayıram. Hər şey meydanda məlum olacaq.

- Sizcə, qrupda ən güclü rəqib kimdi?

- Polşa.

- Bəs Avropa çempionatının favoriti kimi sayırsınız?

- Biri elə bizik. Hazırkı Avropa çempionatına ən güclü komandalar gəlib.

- Belə olan halda, finalda hansı yığmanı rəqib görmək istərdiz?

- Rusiya, Türkiyə, Serbiya və ya İtaliya. 

-  Evdə oynamağın çətin tərəfləri də olur. Bunu bilirsizmi?

- Bəli. Əsas çətinlik odu ki, azarkeşləri məyus etməməliyik. Bu da əlavə gərginlik deməkdi. Düzdü, deyirlər ki, doğma divarlar da kömək edir. Bütün zal səni dəstəkləyəndə, onlar rəqibə qarşı olur.

-  Amma yığmamız I Avropa Oyunlarında da doğma divarlar arasında oynasa da, azarkeşlərini üzüb. Hamı medal gözlədiyi halda, 4cü olduq...

- Bu nəticə çox ağır idi. Çünki qrupda qalmaq biabırçılıq sayılsa da, bunu tez unutmaq mümkündü. Amma 4-cü yer daha üzücü olur. Ümid edirəm ki, bu, təkrarlanmayacaq. "Bakı-2015"-i xatırlamaq belə istəmirəm.

- Yığmamız DÇ-2018-in seçmə mərhələsindəki kimi çıxış edə biləcəkmi?

- Bəli. Düşünürəm ki, belə olacaq. Bizi tətildən sonra sonra bərpa olunmaq qaldırdı. Bu gün isə komanda hazırdı.

- Zədəniz də vardı...

- Zədə həmişə problemdi. Bunun nəticəsində kifayət qədər çox sayda məşqlər buraxdım. Ümid edirəm ki, indi komandaya nə iləsə kömək edə biləcəm. 


Paylaş: