Dambrauskas: "Futbolçularımı yalnız tərifləyə bilərəm"

  • Dünən, 10:08

“Selye”ni növbəti mərhələyə keçməsi münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, hər iki oyunda bərabər səviyyədə mübarizə getdi. Hesab edirəm ki, Bakıdakı oyunun son saniyəsində buraxdığımız qol yadda qalacaq – çünki bu son saniyədə baş verdi".

Sportlife.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyada "Selye" ilə 3:3 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib: "Futbolçularımı yalnız tərifləyə bilərəm. Onların fədakarlıqlarını, mübarizəsini yüksək qiymətləndirirəm. Çünki meydana çıxdıq və ilk qolu biz vurduq. Bu anda nəsə edə biləcəyimizə ümid vardı. “Selye” bizə qarşı sürprizlər hazırlamışdı. Xüsusən də topa sahib olduqları epizodlarda. Bu gün bir dayaq yarımmüdafiəçisi ilə oynadılar. Biz qol vurduqdan sonra ilk hissənin əvvəlində vəziyyəti idarə etməkdə çətinlik çəkdik. Sonra taktiki düzülüşümüzü dəyişib boşluqları bağlamağa çalışdıq. Yenə də rəqib sürətli hücumları ilə bizi geri sıxışdırdı. İlk hissədə hesab 1:1 oldu. Amma yenə deyirəm, standart vəziyyətlərdən buraxdığımız qol təəssüf doğurdu. Buna baxmayaraq, əvəzetmələrdən sonra daha aqressiv idik və irəli atılmağa çalışdıq. Nəticədə cəmi 2 dəqiqə ərzində 2 qol vurduq. Amma bəzən geri çəkildik, qapımıza yaxın oynadıq. Yaxşı müdafiə olunduq. Əlavə olunmuş dəqiqələrdə hər şeyimizi ortaya qoysaq da bu kifayət etmədi".

O, indi əsas məqsədlərinin tez bir zamanda bərpa olmaq, bu matçdan dərs çıxarmaq və inkişaf etmək olduğunu söyləyib: "Bu iki oyunun bizə çox şey öyrətdiyinə inanıram. Növbəti mərhələyə keçməsək də, göstərdiyimiz performansla fəxr edə bilərik. Bu iki matçın verdiyi dərslər gələcəkdə bizim üçün faydalı olacaq”.

Qeyd edək ki, "Sabah" mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək. Bakı klubu II təsnifat mərhələsində Moldovanın "Petrekup" kollektivi ilə qarşılaşacaq.


Paylaş: