Qurban Qurbanov: "FKSB asan rəqib deyil"

  • Bu gün, 13:44

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının VII turunda Bakıda Rumıniyanın FKSB klubuna qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Sportlife.az xəbər verir ki, matçla bağlı fikirlərini açıqlayan 53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

"İlin ilk Avropa Liqası oyunudur. Matça tam hazır olmaq bizim üçün çox vacibdir. Pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Yaxşı komandaya qarşı oynadığımızı bilirik. FKSB çox yaxşı nəticələr göstərmiş komandadır. Rumıniya futbolu həmişə öz ciddiliyi, sərt oyunu ilə seçilib. Sabah vacib mübarizəyə hazır olmalıyıq".

- Heyətdəki itkilərə əsasən, sabahkı matçda hansısa taktiki dəyişikliyə gedəcəksiniz?

- Elə də ciddi dəyişikliyimiz olmayacaq. Çünki bütün futbolçularla eyni tərzdə məşq edib, düşündüklərimizi meydanda tətbiq etməyə çalışırıq. Hücumun qurulmasında, ya başlanmasında hansısa xırda dəyişiklik ola bilər. Amma illərdir hansı sistemdə oynayırıqsa, onu daha da yaxşılaşdırmağa çalışırıq. Sabahkı matçda səhvlər etməməliyik. Bu komanda xırda səhvi də bağışlamır. Bəzi məqamlar var, ona çox diqqət ayırmalıyıq. Həmişə oyunumuzu daha da yaxşılaşdırmağa çalışmışıq.

- FKSB-nin prezidenti Gigi Bekali deyib ki, komandası "Qarabağ"ı məğlub edəcək. Bununla bağlı fikriniz necədir?

- Normal. Bu idmandır. Hər bir rəqibin rəhbəri, məşqçisi, futbolçusu istənilən açıqlamanı verə bilər. Hərə bir tərzdə verir. Biz də onları məğlub etmək istəyirik. Deyəcək fikrim yoxdur. Normal yanaşıram.

- Rəqiblər açıqlananda FKSB ilə bağlı nə düşünürdünüz? Onları turnir cədvəlinin üst pillələrində görmək sizin üçün gözlənilməzdir?

- Rəqiblər açıqlananda elə bir ciddi fikrim olmadı. Bütün komandalara ciddi yanaşıram, heç birinə fərq qoymuram. Sadəcə, hazırlıq zamanı dəyişiklik olur. Amma FKSB-nin nəticəsini də normal sayıram. Göstərdiyi oyuna, məsuliyyətinə görə haqlı nəticələri var.

- FKSB-nin ən güclü tərəfi hansıdır?

- Futbol kollektiv oyundur. Kollektiv oyunu təkmilləşdirmək məşqçi və komanda üçün çətindir. Bu komandanın ən üstün cəhəti odur ki, müdafiədə, hücumun gedişatında hamı çox sadə və çox kollektiv şəkildə oyun intizamını qoruyub-saxlaya bilir.

- "Qarabağ"ın sahibi Abdulbari Gözəlin vəfatı klub daxilində hansı ab-havanı yaradıb? Onunla bağlı düşüncələriniz necədir?

Ağır itkidir. Həm klub, həm də Azərbyacan futbolu üçün belədir. Onun "Qarabağ" və mənim üzərimdə, həmiçin Azərbaycan futbolu üzərində böyük haqqı var. Atdığı addımı düşünərək edən biri idi. "Qarabağ" klubunun uğuru üçün ürəkdən və sevərək addımlar atıb. Onun kimi insanın bizi tərk etməsi hər birimiz üçün böyük itkidir. Klubda üzgünlük var. Çalışırıq ki, futbolçularımızı oyuna tam hazırlayaq. Nə qədər etsək də, hələ biz bunu yadımızdan tezliklə çıxara bilməyəcəyik. Allah rəhmət etsin.

- Avropa Liqasında "24-lüy"ə düşmək üçün bu matçda qələbə qazanmalısınız. Bu məqam komandaya psixoloji təsir edir?

Qalibiyyət üçün hazırlaşırıq. Amma çox da dərinə getmək lazım deyil. Qələbə üçün hazırlaşmışıq. Sadəcə rəqibi də nəzərə almaq lazımdır. Asan komanda deyil

- Matçın hakimi ilə bağlı Rumıniya mətbuatında narazılıqlar var, qəddarlığı ilə seçildiyi iddia olunur. Bununla bağlı komandaya tapşırıqlar vermisiniz?

Bu haqda düşünməməyimiz daha yaxşı olar. Oyunqabağı futbolçularımızı psixoloji olaraq buna yönləndirmək düzgün deyil. Amma hər oyundan qabaq futbolçuları hansı hakimin hansı məqama önəm verdiyi barədə məlumatlandırırıq. 

- Baş məşqçi kimi Dorinel Muntyanu, Adrian Mutu, Mirça Rednik, Laurentsio Regekampfın komandalarına qarşı oynamısınız. Hansı məşqçini daha güclü sayırsınız?

Hər birini salamlayıram. Hər birinə qarşı oynamaq mənim üçün xoş olub və hər biri böyük addır. Futbolda böyük imzaları var. Amma hansının daha güclü olduğunu deməyim düzgün çıxmaz. Mirça Rednikə qarşı oyunlarımız daha maraqlı olub. Amma hər bir halda, futbolda böyük imzaları var. Onlara uğurlar arzulayıram. 

- Uzun illərdir ki, "Qarabağ"a rəhbərlik edirsiniz. Rumıniyada isə klublar tez-tez baş məşqçini dəyişirlər. Məşqçilər adətən maksimum 2 il işləyirlər. Rumın məşqçilərə məsləhətiniz nə olardı?

Bəlkə Rumıniyada məşqçilər çoxdur deyə, bu qədər dəyişikliklər edirlər. Özüm barədə isə danışmayacam (gülür).


Paylaş: