"Komandama qarşı antipatiya hiss edirəm"

  • Dünən, 19:33

Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ” və “Araz-Naxçıvan” arasında keçirilmiş cavab matçından (3:0) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

– Ağır oyun alındı. Bizi nə gözlədiyini bilirdik. İlk oyunda qələbə qazansaq da, ikincinin daha çətin olacağını hamı bilirdi. İki fərqli hissə oynadıq. İkinci yarıda oyunun ritmini itirdikdən sonra “Qarabağ” üstünlüyü ələ aldı.

– Komandanız tez müdafiəyə çəkildi, yoxsa “Qarabağ” sizi buna məcbur etdi?
– Komandanın daha çox hücumda olmasını istəyirdim. Amma “Qarabağ” səviyyə olaraq, klub olaraq bizdən üstündür. Lakin düşünürəm ki, oyunu çevirə bilərdik. İlk hissədə epizodlarımız oldu. Elə 25-ci dəqiqədə olan epizoda baxsaq, qırmızı vərəqə verilməli idi. Amma hakim fərqli qərar verdi. Sonra biz hücuma çıxanda hakim səhv qərar qəbul etdi. Ümid edirəm ki, “Araz-Naxçıvan”a qarşı bu ikili standartlar dayanar. Komandama qarşı antipatiya hiss edirəm.

– Bu antipatiyanın səbəbi nədir?
– Onu düşünsəm, işimdən uzaq qalaram. Amma bu hiss olunur.

– Bu antipatiya sizə qarşıdır, yoxsa kluba?
– Əgər məşqçiylə mübarizə aparırlarsa, ayıbdır. Hücuma çıxanda rəqibin əlinə dəyir, amma hakimin cavabı belə olur ki, sürüşdü.

– Ümumiyyətlə, finala çıxmaq üçün heyətiniz kasad deyil?
– Kasad deyil. Amma indiki durumda zədəli və cəzalı futbolçularımız olduğundan sıxıntı yaşadıq.


Paylaş: