
"Bunu mənə yükləmək istəyirsinizsə..."
Azərbaycan Premyer Liqasının XXXII turunun “Sumqayıt” – “Neftçi” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Hər iki komanda qələbə üçün oynayırdı. Komandamdan razıyam. Baxmayaraq ki, öz səhvlərimizdən qol buraxdıq. Oyundan çox razıyam. “Neftçi” yaxşı rəqibdir, güclü futbolçuları var. Buna baxmayaraq, komandam yaxşı oyun göstərdi.
– Nə baş verdi ki, 2:0-dan üstünlük rəqibə keçdi?
– Futbolda hər şey olur. Fərdi səhvlərimiz oldu. Bundan əlavə, rəqibin adı, ustalıq səviyyəsi özünü göstərdi. Bu komandaya qarşı belə oynamağa ancaq alqış düşür. 1 xal da 1 xaldır.
– Qazandınız, ya iki xal itirdiniz?
– Məyusam ki, komandam qələbə qazana bilmədi. Amma rəqibi də nəzərə almaq lazımdır. İki səhv bizimçün kritik oldu. Üzücü olan budur. Qismət belə imiş.
– 2:0-dan sonra əsas oyunçuları çıxardınız və rəqib 2 qol vurdu…
– Rəqibin 1-ci qolunda əvəzetmə olmamışdı. Lakin qoldan sonra dəyişiklik etməyə çalışdıq. Bəzi şeylər alındı, bəziləri yox. Fərdi səhvlərə görə uduzduq.
– Karaişvilinin səhvindən sonra qol buraxdınız. Özünüzü günahkar görürsünüz?
– Bunu mənə yükləmək istəyirsinizsə, problem yoxdur. Yenə deyirəm, doğrunun tərəfindəsinizsə, digər məşqçilərə də belə suallar verin.
– Xəyalı qapıda oynatdınız, iki qolu başınıb üzərindən buraxdı…
– Xəyal Tovuzda yaxşı seyvlər etdi. Onda yaxşı idi, indi pis? Gənc oyunçunun yanında olmaq lazımdır.
– İdman mətbuatının sizə qarşı qərəzli olduğunu düşünürsünüz?
– Mən həmişə dəstək istəmişəm. Yeni məşqçi üçün belə ifadələr görmək məni üzür. Komandanı çətin vəziyyətdə götürmüşəm. Təcrübəli məşqçilərə fərqli suallar verilir, gənc məşqçiyə fərqli. Bu gün istəməzdim ki, komandam xal itirsin.
– İstədiyiniz futbol, tətbiq etdiyiniz oyun kənardan xoş görünür. Bəs, sabit qalmaq üçün nə çatmır?
– Nüanslar çoxdur. Bu mövsümü yaxşı başa vuraq. Əsas odur ki, iş var. Vəziyyəti sabitləşdirmək üçün heyətdən də çox şey asılıdır. Ümidvaram ki, hər şey qaydasında olar.
– Rövlan Muradov öz mövqeyinin ən yaxşılarındandır. Nə problem var ki, oynamır?
– 11 oyundur, qol vurmurduq. Bu matçlarda Rövlan əsas heyətdə idi. Heç qol ötürməsi belə yoxdur. Sərtan isə iştirak etdiyi oyunlarda faydalı olur. Bu şansı indi ona nə üçün verməyim? Rövlan da şansını gözləməlidir. Rövlana 17 oyunda şans verilib, bu matçlarda isə daha az oynayanları nəzərə almaq lazımdır. Hər futbolçudan yararlanmaq istəyirik. Rövlanla problemimiz yoxdur. Məşqlərdə də yaxşıdır. Növbəti oyunlarda onu görə bilərik. Sərtan indi o mövqedə daha yaxşıdır.