
"İçi mən qarışıq, heç kimin taleyi bilinmir"
Azərbaycan Premyer Liqasının XXXII turunun “Sumqayıt” – “Neftçi” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– 2 fərqli hissə izləməyimizin səbəbi nədir?
– Belə olduğunu düşünmürəm. Oyunun əvvəlindən diktə etməyə çalışırdıq. 3-4 dəfə pressinq edəndən sonra topu aldıq. Lakin son məqamda düz qərarlar vermədik. Rəqib isə bir hücumla qol vurdu. Bu gün xoşlamadığım məsələ hakimliklə bağlı oldu. Məğlubiyyətdən sonra nəticəyə köklənirik. Ancaq bu gün böyük problem var idi. Başa düşürəm, son vaxtlar üzərimizdə təzyiq çoxdur. Ancaq bu səbəb deyil ki, neqativ ab-hava yaransın. Kimlərsə istədiklərini etməyə çalışır. Hakim bu gün oyunu ələ ala bilmədi. Topdaşıyanlar belə bizi tempdən salırdı. Məndə də şübhə var ki, VAR otağına siqnal necə gedir? Birinci dəfə 2-ci qolumuz qeydə alınsaydı, fərqli ola bilərdi. Təmiz qolumuz sayılmadı. İndidən deyirəm, bəlkə yanılıram, çünki mən efirdən epizodu elə gördüm. İmkanlarımız oldu. Futbolçular sağ olsunlar, son vaxtlar üzərimizdə əməlli-başlı təzyiq var. Bunun altından çıxmaq çətin idi. Uşaqların haqqı verilməlidir. Bu gün qələbə qazanmalıydıq.
– Heç-heçə olsa da, 2 xal itirildi. Avrokuboklardan əlini üzmüş komandanı oyunlara kökləmək çətin olmur?
– Kökləmək çətindir. Amma meydandakı iş fərqlidir. Həqiqətən, çətindir. Ancaq nə edək? Bu, futboldur. Dərs çıxarmalı və yaxşı olmalıyıq. Bu gün oturuşmuş komandaya qarşı oynadıq. Heç kimin xətrinə dəyməsin, “Neftçi” oyunçuların maliyyəti ilə fərqlənir. Biz bu gün meydanda otursaq, qınanılacağıq. Deyəcəklər ki, pullar verilib. Müdafiəni yarmaqda problemlər var və bunu bilirik. Dəyişmək üçün zaman lazımdır. Çalışacağıq ki, problemləri aradan götürək və daha yaxşı komanda olaq.
– Bəzi futbolçular özünü sübut etməyə çalışır, bəziləri isə getmələri ilə barışıb sanki…
– İçi mən qarışıq, heç kimin taleyi bilinmir. “Neftçi”dən göndəriləcəksənsə, deməli, səninki bura qədərmiş. Burada oynamaq lazımdır ki, kiminsə xoşuna gələsən. Təslim olmaq lazım deyil.
– Yarımmüdafiə xəttində itkilər var idi...
– Heyətlə bağlı problem əvvəldən davam edir. Son matçda Emin Mahmudov sıradan çıxdı. Bəlkə də mövsümü bitirdi. Uzun müddət oynamadıqdan sonra özünü çox gücə saldı. Emil Səfərov, Ryo, Quzzo demək olar, mövsümü başa vurub. Birinci gündən zədə problemlərimiz davam edir. Bunlar şikayət deyil, sadəcə, dərdimizi deyirik. İlk məşqdən zədələnənlər oldu. Azər Salahlının da həmin məşqdə ayağı qırılmışdı. Heyət quranda problemlərlə üzləşmişik. İnşallah, gələcəkdəki planlarımızda bu problemləri yaşamamağa çalışacağıq.
– Yeni mövsümlə bağlı hansı hədəflər var?
– Bütün günü işimiz planlar cızmaqdır. Gələcəyin planlarını qurub, üzərində işləyirik. Sirr deyil, futbolçu axtarışları, kollektivdə düzəlməsi məsələlər üzərində işləyərik.
– Abasovun komandaya gələndə hansı vəziyyətdə olduğunu bildiyi deyilirdi...
– Bu qədərini gözləyirdim. Bilirdik hara gəlirik. Nə olsun bilirdik? Olacaqları təxmin edirdik. Ondan da yaxşı bilirdik ki, nələri tez dəyişə bilərik. Bura gələndə bunları dərk edib, gəlmişik. İstəyimiz daha yaxşı olmaq idi. Bir futbolçu haqda kənardan fikir bildirmək asan olur. Lakin birlikdə olanda görürsən ki, düzəltmək olmur.