
"Dövlətin ayırdığı pulla dolanırıq"
Azərbaycan Premyer Liqasının XXXIII turunda keçirilən “Şamaxı” – “Səbail” (1:1) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.
– Maraqlı oyun alındı. “Səbail” bütün matçlara final oyunu kimi yanaşır. “Araz-Naxçıvan”a qarşı da yaxşı oyun sərgiləmişdilər. Biz işimizin öhdəsindən gəlmişik – Premyer Liqadakı yerimizi qorumuşuq.
– Edqarın zədəsi ciddidir?
– İnanmıram ciddi olsun. Amma toxunuş var idi.
– Komandanın növbəti mövsüm üçün planları necədir?
– Sponsorsuz komandayıq. Dövlətin ayırdığı pulla dolanırıq. Hələ növbəti mövsümlə bağlı büdcəmiz bəlli deyil. Yaxın günlərdə futbolçularla danışıqlara başlayacağıq. Hələ gözləyirik. Heyəti qorumaq çətin olacaq.
– Büdcənin bəlli olmaması sizin üçün nə dərəcədə çətinlik yaradacaq?
– Çox ciddi çətinlik yaradacaq. AFFA-nın ayırdığı maliyyənin azaldılması da duruma birbaşa təsir göstərəcək.
– Amma Rikardo Fernandeslə yeni müqavilə imzaladınız…
– Bəli, onun çoxlu təklifləri var idi. Peşəkar futbolçudur. Razılığa gəldik. Başqa oyunçularla da ortaq məxrəcə gəlməyin yollarını tapmalıyıq.