"Qarabağ"a qarşı oynaya bilmirik"

  • 25 Fevral 2024, 21:53

"Qarabağ"ı həm bu, həm də bundan qabaqkı avrokuboklardakı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Danışılası bir şey yoxdur, uduzduq. Uduzduğumuz komandanın gücü bəllidir. Udmaq üçün nəsə etməyə çalışdıq. Hücum xəttində dişsizlik var. Acı reallıq olsa da belə, "Qarabağ"ın gücü var. "Qarabağ"a uduzanda belə, futbolçuların üstünə çox getmək olmur. Növbəti matçlara hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik".

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 24-cü turunun "Qarabağ"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb:

"Bu sualdan əvvəl analiz edib, götür-qoy etsəniz, görəcəksiz ki, müdafiədə o qədər də pis deyilik. Amma bu dediyiniz mənfi göstəricilər "Qarabağ"la oyunlara bağlıdır. Onlardan 13 qol buraxmışıq. Açıq deyim, "Qarabağ"a qarşı oynaya bilmirik. İstədiyimizi meydanda qoymağı bacarmırıq. Futbolçulardan istədiyim o idi ki, hesab nə olursa-olsun, öz dəst-xəttimizi qoruyub-saxlayaq. Hesaba köklənməli deyilik. Bu oyun da böyük hesabla bitə bilərdi. Belə oyunlarla, səhv edə-edə inkişaf edirsən. Oyunumuzun çox hissəsi alınmadı. Məşqdə etdiklərimizi meydanda təkrarlaya bilmədik. "Sabah"a 1:3 hesabı ilə uduzmuşduq. Bu oyuna kimi deyəsən, 1 qol buraxmışdıq. Komandamız intizamlı oynadı. Bizim əsas üstün cəhətimiz də odur. Rəqiblərə çox epizod vermirik. Amma udmaq üçün də nəsə etməliyik. Alınmadı".


Paylaş: