Qurbanov: "Alınmayan mövsümlər də olur"

  • Bu gün, 18:34

Azərbaycan Premyer Liqasının XXVII turunun “Şamaxı” – “Qarabağ” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

– Futbolçulara və azarkeşlərimizə təşəkkür edirəm. Qalib gələ bilmədiyimizə baxmayaraq, sona qədər yaxşı mübarizə izlədik. Belə hallar olur, edəcək bir şey yoxdur. Qarşıdakı oyunlara baxmalıyıq. Rəqibi təbrik edirəm.

– Çempionluq yolunda vacib 2 xal itirdiniz, bu, komandaya necə təsir edəcək?
– Artıq kifayət qədər təsirlənmişik. “Sabah” kimi rəqiblə 10 xallıq fərq az deyil. Qarşıdakı oyunlara daha pozitiv yanaşmalıyıq.

– Sözlərinizdən belə başa düşüldü ki, bundan sonra titul qazanmaq üçün əsas diqqəti kuboka yönəldəcəksiniz...
– Xeyr, çempionatda da hələ maraqlı oyunlarımız var. Qarşıdan “Sabah” və “Neftçi” ilə görüşlər gəlir. Alınmayan mövsümlər də olur. İstənilən halda, sona qədər azarkeşlərimizə yaxşı futbol göstərməliyik.

– Növbəti mövsüm üçün komandada köklü dəyişikliklər gözlənilirmi?
– Həmişə hər şey istədiyimiz kimi olmur, amma müəyyən dəyişikliklər etmək istəyərdik. Yeni futbolçulara, heyəti gücləndirməyə ehtiyac var.

– İndiyə qədər qazanılan uğurlu nəticələrin, gələn təkliflərin futbolçuların düşüncəsinə nə qədər təsiri olub?
– Əlbəttə ki, təsir olub. İstənilən halda, uğurlu mövsüm keçirmişik. Heyətin böyük hissəsinə müxtəlif təkliflər gəlib, amma heyətə yeni qoşulan oyunçulara bunun təsir etməsi bizim üçün mənfi nüansdır.


Paylaş: