16 Noyabr 2023, 14:19

"Addım-addım irəliləyirik və optimal formaya düşməyə çalışırıq. Bu isə vaxt aparan prosesdir".

Sportlife.az xəbər verir ki, bunu "NTD-İndiqo"nun basketbolçusu Qriffin Remmi klubun mətbuat xidmətinə müsahibəsində deyib.

ABŞ-dan olan oyunqurucusu Azərbaycan Basketbol Liqasının növbəti turunda üz-üzə gələcəkləri "Xəzri" ilə matç haqqında danışıb: "Hər gün və hər oyunla artırmalıyıq. Ümid edirəm ki, bu görüşdə qələbə qazanacağıq. Hazırlığa diqqət etməli və qarşıdakı matç haqqında düşünməliyik. "Xəzri" istedadlı basketbolçuların toplaşdığı komandadır. Onların heyətində güclü legionerlər və yerli basketbolçular yer alıb. Rəqibin güclü məşqçisi var və bizə qarşı əla oyun planı hazırlayacaq. Bu qarşılaşma bizim üçün böyük bir çağırışdır. Amma məqsəd eynidir - qələbə qazanmaq. Hər görüşdə qalib gəlmək istəyirik".

Xaçmazda iki oyun keçirdiklərini xatırladan basketbolçu arenadakı atmosfer barədə fikirlərini bölüşüb: "Bura komandamızı ruhlandıran yerdir. Azarkeşlər bizi dəstəkləyirlər. "NTD-İndiqo"ya keçəndə Xaçmazda oynayacağımızı bilmirdim. Ancaq indi burada əla vaxt keçiririk. Burada oynamaq çox xoşdur. Hesab edirəm ki, Xaçmazdakı qarşılaşmalar rəqiblərimiz üçün ciddi sınaq olacaq".

Qriffin Remmi Azərbaycan Basketbol Liqasının səviyyəsinin yüksək olduğunu söyləyib: "Açığı, çempionatın bir çox oyunlarını izləyə bilmədim. Mövsümün startından əvvəl yoldaşlıq görüşləri keçirdik. Səviyyə olduqca yaxşıdır. Liqada güclü basketbolçular oynayır. Amma Azərbaycan Basketbol Liqası hələ gəncdir. Düşünürəm ki, hər şey qabaqdadır. Karyeramın çox hissəsini Avropada keçirmişəm. Yeni bir çağırış axtarışında idim. Agentim mənə belə bir variant təklif etdi. Azərbaycan basketbolu haqqında çox məlumatım yox idi. Amma indi bilirəm ki, "NTD-İndiqo"nun zəngin tarixi var. Burada olmaqdan qürur duyuram. Ümid edirəm ki, azarkeşlər və klub rəhbərliyi də mənimlə fəxr edəcəklər".