"Klub olaraq ilk işimiz populyarlıq üçün fəaliyyət idi" - Ağasəf Osmanlı
Azərbaycan Yüksək Qızlar Liqasının 2022/23 mövsümü olduqca maraqlı keçdi, liderlər qrupunda yer alan komandaların turniri bir neçə xal fərqi ilə bitirməsi buna bariz nümunədir.
Sportlife.az xəbər verir ki, ötən mövsümə rəng qatan komandalardan biri "Xırdalan City" komandası oldu. Komanda turniri çempionun 6 xal gerisində, 3-cü pillədə başa vurdu. Bugünkü müsahibimiz "Xırdalan City" komandasının meneceri Ağasəf Osmanlıdır.
- Ağasəf bəy, ötən mövsümü bir sözlə ifadə etməli olsanız bu nə olardı?
- Yüksək Qızlar Liqası 2022-2023 mövsümü üçün bir söz seçməli olsam mübarizə seçərdim. Son turlara kimi 4 komanda çempionluq üçün yarışdılar. Liqada iştirak edən qızlarımıza təşəkkür edirəm. Bu liqanın ən cazibədar tərəfi bölgə klublarıdır. Futbolda kütləvilik şərtdir. Liqamızın unikal tərəfi "feeder" liqa olmasıdır. Bölgə klubları da özlərini sübut ediblər. Məsələn "Zenit" klubunun futbolçusu Mingəçevir yetirməsidir.
- "Xırdalan City" olaraq mövsümü necə dəyərləndirərsiniz, klubda hansı işlər görüldü?
- Futbol fasiləsiz prosesdir. Mən dəyərləndirməni mövsümə uyğun edəcəm. Klub olaraq ilk işimiz populyarlıq üçün fəaliyyət idi. Bu istiqamətdə klublarla dialoq qurduq. Bərabər öyrənmək arzusundayıq. Tədbirlər təşkil etdik. Futbol sosial varlıqdır. Müxtəlif sahələrdən insanları cəlb etdik (İnfluenserlər, bloqerlər, Qool TV). TV yayım olmadığı üçün digital varlığa yönəldik. Unikal kontent sahibiyik. Qadınlar və futbol tandemi. Matçlardan məşqlərdən görüntülər, matçonrası açıqlamalar (hətta digər klub üzvləri), valideynlərlə müsahibələr kimi işləri gördük.
- Futbol həm də biznesdir. Qadın futbolumuzda bu hansı səviyyədədir?
- Biz paralel olaraq futbol biznes modelini yaratmaq üçün işləyirik. İdmanda sponsorluqların 50% futbol payına düşür. Bizim üçün yerli bizneslər prioritet idi. Bəzi yerli biznesləri fərqli formatlarda partnyor olaraq qazandıq. Yerli brendlər bizi daha yaxşı tanıyır və reallığımıza yad deyillər. Eyni dildə danışırıq və onların həssaslığı, qızlara dəstəyi sevindiricidir. Həmçinin "Sabah", "Zirə" kimi klublardan dəstək gördük. Düşünürəm ki qadın klubları kişi klublarının çiyinlərinə ehtiyyac duyur. İnfrastruktur, maliyyə, təcrübələri ilə paylaşmaqları üçün daha aktiv işbirliyinə dəvət edirik.
- Bu mövsüm ərzində komandanızda hansı dəyişikliyi hiss etdiniz?
- Biz Yüksək Qızlar Liqasını 3-cü, U12 Liqasını isə 2-ci bitirdik. Finalda Mingəçevir komandasına məğlub olduq. Bir daha bölgə komandasının uğurlu çıxışına şahidlik etdik. Qadınlar daha emosionaldırlar. Əlbəttə ki fərqli emosiyalar yaşadıq sezon boyu. Dəyişməyən isə qızların istəyi idi. Hətta final məğlubiyyətindən sonra kapitan açıqlamasında bildirdi ki bu normaldır. Bu isə həm böyüməyə işarədir, həm da immunitet yaranmasına. Qeyd edim ki həm Yüksək Liqada, həm U12 Liqada mövsümün oyunçusu bizim komanda üzvləri seçildi. Atletləri və məşqçiləri təbrik edirəm.
- Azərbaycan qadın futbolu üçün uğurlu il oldu deyə bilərikmi?
- Bəli, mövsüm bizim qızlar üçün Azərbaycandan kənarda da uğurlu oldu. Turkcell Kadınlar Super Liqanın qalibi "ABB Fomget" oldu. Finalda "Fənərbaxça"ya qalib gəldilər. Geridönüş edərək kubokun ilk dəfə Ankaraya gətirilməsinə nail oldular. Bu klubda millimizin baş məşqçisi Siyasət Əsgərov və qadınlardan ibarət millimizin üzvü Ayşən Əhmədova sevindilər. Rusiya Super Liqasında isə an etibarı ilə birinci yerdə "Zenit" klubudur . Millimizin üzvü Nigar Mirzəliyeva bu klubda legioner həyatı yaşayır.
Klub olaraq ilk beynəlxalq transferi də bu mövsüm reallaşdırdıq. Mövsümün əvvəli Şəki klubundan transfer etdiyimiz qapıçı Aytac Feyzullayeva qış fasiləsində Türkiyənin Şırnak Bələdiyyəspor klubuna transfer olundu.
- Sizcə qadın futblumuzda bu gün tələb olunan amillər hansılardır?
- Futbolçuların insan olduğunu unutmuruq. Onların fərqli tələbatları var və ödənmalidir. Maaşlar, sağlamlıq, təhsil ilə təmin edilməsini istəyirik. Psixoloji dəstək əlçatan olmalıdır. Atlet üçün 7/24/365 rejimdə dəstək şərtdir. Fasiləsiz inkişaf üçün uyğun şəraiti yaratmaq lazımdır.
Futbol həm də elmdir. Cruyff qeyd edirdi ki idman Eynşteyni, Eynşteyn isə idmanı anlamalıdır. Öyrənməyi vərdiş etməliyik. Minimum səviyyədə skautlar belə izlədikləri atletlər üçün təhsil tərəfini də maraqlanırlar. Qızlar cəmiyyətin üzvüdürlər və təhsil hüquqları var. Bunun nə qədər vacib olduğunu dərk edirik. Faydalı və xoş olanı birləşdirək.
- Yeni mövsüm üçün planlar və hədəflər nələrdir?
- Növbəti mövsümdə Yüksək Liqa qalibi UEFA Çempionlar Liqasında mübarizəyə qoşulacaq. Bu gözlədiyimiz və yeni həyəcandır. Fərqli təcrübə qazanmaq fürsətidir. Əlbəttə ki, klublarımızdan böyük nəticə gözləmirəm. Yeni addımlayacağımız bu yolda daha önəmli göstərici oyun məzmunu olacaq.
Liqa TV yayım ilə təmin ediləcəksə bu halda həm populyarlıq, həm gəlirlərimizə müsbət təsir edəcək. Bizneslərin marağı artacaq. Yeni partnyorluqlar üçün fürsət doğacaq. Məzmunlu xoş futbol isə azarkeşlərin və futbolsevərlərin varlığına təsir edəcək. Atletlər üçün məsuliyyət yaradacaq. Bu isə onların davranışlarında dəyişikliklərə səbəb olacaq.
Azarkeşlərlə düzgün işləməklə biz həm onların istəklərini biləcəyik həm də əlavə gəlir formalaşdıracayıq. Futbol həm də əyləncədir və 90+ dəqiqə bizimlə olan azakeşlər razı qalmasını təmin etməliyik.
- Qadın futbolunda valideyn amili də önəmlidir. Futbolçuların valideynləri bu proseslərdə necə iştirak edir?
- Əlbəttə, həm də azarkeşlərin müəyyən qismi elə valideynlərindən ibarətdir. Mən onlara da təşəkkür edirəm. Mövcud reallıqda qızların futbolda varlığına mane olmayan dəstək olan hər bir valideyn qəhrəmandır. Bəli atlet yetişdirmək asan deyil. Bu proses məşq və matçlarla limitli də deyil. Qızların sevdiyi işlə məşğul olması üçün bərabər çalışmalıyıq. Qadınlar diqqət sevir və biz bunu da təmin etməliyik.
Valideynlər skeptik yanaşa bilirlər. Uğurlu futbolçu olmazsa neca olacaq deyə düşünürlər. Futbol sadəcə futbolçular demək deyil. Gələcəkdə qızlar məşqçi, manager, jurnalist mühasib və s. futbola aid vəzifələrdə çalışa bilirlər.
Biz klub olaraq futbolçumuza məşqçilik təcrübəsi keçmək şəraiti yaratdıq. Bunun nəticəsi kimi Nigar Rzayeva Səbail klubunda məşqçi kimi fəaliyyətə başladı.
İş Təcrübəsi qazanmaq və bizə qazandırmaq istəyən hər kəsə dialoq vəd edirəm. Karyerasını futbolda görən insanlara bildirk istəyirəm ki, buyursunlar. Biz onları ilk addımlarını atmaqda yardımçı olacağıq. Xüsusilə tələbələr üçün faydalı olacağını bilirəm.
Həmçinin yeni başlayan KİV nümayəndələri üçün qızlar liqası uyğun poliqondur. Futbolu futbol eləyən insanlardır. Görülən bütün işlər qızların xoşbəxtliyi üçündür.