Ayxan Abbasov: "Xarakter göstərməsək, bu, bizim zəifliyimiz olar"

  • 15 İyul 2024, 14:30

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Sportlife.az saytına müsahibə verib:

- "Şamaxı"nın Premyer Liqaya qayıtması barədə fikirləriniz nədir?

İlk dəfədir ki, I Liqaya düşən komanda mübarizəni davam etdirdi və yenidən Premyer Liqaya qayıtdı. Bunu birinci dəfə "Şamaxı" bacardı. Ötən mövsüm "Qəbələ" də elitanı tərk edib. Amma iddiasını qoruyur, yenidən Premyer Liqaya qayıtmaq niyyətinddədi. Bunlar yaxşı haldı. Əvvəllər belə fikir olurdu ki, komanda PL-dən getsə, sanki həyat bitir. Amma bu, ən böyük klubların başına da gəlir. İdman prinsiplərinin qorunması futbolumuzun inkişafına gətirib çıxaracaq.

- Mövsüm öncəsi hazırlıqlar necə gedir?

Ayın birindən Şamaxıda təlim-məşq tolanışına start vermişik. Bilirsiniz ki, yeni komandayıq. Heyətə təzə oyunçular cəlb edilib. Məqsəd Premyer Liqada möhkəmlənməkdi. Çətinlik çoxdur. Amma bunlardan danışmaq fikrimiz yoxdu. Bura gələn hər şeyi göz önünə almışıq. Xarakter göstərməli və çətinliklərin öhdəsindən gəlməliyik. Əgər xarakter göstərməsək, bu bizim zəifliyimiz olacaq. 

- Komandanızın güclü və zəif tərəfləri barədə nə düşünürsünüz?

Heyət baxmından işlərimiz davam edir. Büdcəmizə uyğun komanda yığmağa çalışırıq. Zəif və ya üstün cəhətlər barədə danışmaq üçün tezdi. Hələ yeni futbolçular gəlir, çempionat başlamayıb. İndidən nəsə demək tezdi. Zaman hər şeyi göstərəcək. Boşluqlar, axsayan yerlər olacaq. Bunlar normaldı. Bütün komandalarda olduğu kimi, bizdə də baş verə bilər. Çalışıb bunları aradan qaldıracağıq. Məşqlər zamanı futbolçuların artırmasını tələb edəcəyik.

Yeni transferlər haqqında nə deyə bilərsiniz?

Bu gün böyük bir seçimimiz yoxdu. I Liqada yeni gələn komandaya futbolçular gəlməkdə tərəddüd edir. Xüsusən də bölgə klubuna. Üstəlik yerli oyunçu qıtlığı var. Hamı bundan əziyyət çəkir. Yenə də maksimum bizə xeyir verən oyunçular almağa çalışırıq.

Azarkeşlərin dəstəyi sizin üçün nə dərəcədə vacibdir?

Əlbəttə, önəmlidi. Azarkeşlər dəstək olmalıdı. Bölgə komandasıdı, burada futbolu sevirlər. Ev oyunlarında onların dəstəyinə böyük ehtiyac var. Hər şeyi real təhlil etməyi bacarmalıdırlar. Çünki bu mövsüm çox sərt mübarizə gedəcək. 

Mövsüm ərzində hansı taktiki dəyişiklikləri tətbiq etməyi planlaşdırırsınız?

Bunları deməyə etiyac yoxdu. Hər məşqçinin öz yanaşması var. Oyuna, rəqibə görə müxtəlif seçimlər edilir. Hansı futbolçu daha yaxşı vəziyyətdədi, fiziki durumu necədi və s kimi məsələləri göz önünə almalıyıq. Bunun üzərində çalışırıq. Komandanın hazırkı forması bizi qane etmir. Çünki oyunçular bir aylıq istirahətdən gəliblər. Onların üzərində işləyirik ki, hazır vəziyyətə gəlsinlər. Gənc futbolçuların inkişaf elətdirmək istəyirik. Amma bu, çox böyük işdi. Yəni bunu belə danışmaqla izah etmək olmur. Akademiyalarımız artmalı, məşqçilər inkişaf etməli və s. 

Premyer Liqanın səviyyəsi barədə nə düşünürsünüz?

Səviyyə çox yaxşıdı. İldən-ilə daha da artır. Rəqabət var, hər şey göz qabağındadı. Amma daha yaxşı olması üçün klubların şəraiti artmalıdı. Təlim-məşq bazaları yaradılmalıdır. Klublar tam peşəkar səviyyədə olması üçün bazalarda oyunçuların inkişafı üçün hər şərait olmalıdır. Bu gün bizim klublarımızın çoxunda bazalar tam peşəkar səviyyədə deyil. İstədiyimiz şərait yoxdu. Bunlar artsa, daha yaxşı Premyer Liqa izləyə bilərik.

 

 


Paylaş: