"Əgər bir qol vura bilsəydik, rəqibin oyun sistemini poza bilərdik"
"Neftçi"nin qapıçısı Rza Cəfərov Sportlife.az saytına müsahibə verib.
- Yeni baş məşqçiniz Roman Qriqorçukla işləmək necədir?
Təbii ki, hər bir məşqçidən nəsə öyrənirik. Hər kəsin özünə məxsus iş metodu var. Onunla da münasibətlərim normaldır. Çalışıram məndən tələb etiklərini meydançada yerinə yetirə bilim. Mənə olan etimadı doğrultmağa çalışıram. Bunu həm meydançada, həm də meydandan kənarda göstərmək istəyirəm.
- Qriqorçukun gəlişi ilə komanda içində hansı dəyişiklikləri hiss etmisən?
Qeyd etdiyim kimi, hər məşqçinin öz iş metodu, işə yanaşması, tələbləri və özünəməxsus oyun sistemi var. Hazırda daha çox bunu komandaya aşılamağa və onu tələb etməyə çalışır. Hesab edirəm ki, gündən-günə biz də onu daha yaxşı başa düşürük və istədiklərini geri verə bilirik.
- Komandanızın bu mövsümdə əsas hədəfi yəqin ki çempionluqdur. Bu hədəfə çatmaq üçün qapıçı olaraq üzərinə düşən məsuliyyətin öhdəsindən gəlmək üçün nə edirsən?
Komandanın ən gənc üzvlərindən biriyəm. Həm məşqlərdə həm də oyunlarda çalışıram ki, stabil çıxış edim. Tapşırıqları ən yüksək şəkildə icra edim, səhvlər buraxmayım. Hansı komandada oynadığımı, hədəfə çatmaq üçün nə etməli olduğumun məsuliyyətini dərk edirəm.
- İlk turda "Turan Tovuz"la oynadığınız matçda xal itirməyiniz nə ilə əlaqədar idi?
Rəqib bizim gücümüzə bələd idi. Buna görə də oyunu daha çox əks hücumlar üzərində qurmuşdu. Əsas diqqəti müdafiəyə vermişdi. Mövsümün ilk rəsmi oyunu idi. Bizim üçün də ağır təlim-məşq toplanışından sonra bu cür oyun bir az çətinliklər yaratdı. Ancaq buna baxmayaraq rəqib müdafiəsini oyun boyu yarmağa çalışdıq. Lakin rəqibin müdafiədə diqqətli oyunu bizim işimizi çətinləşdirirdi. Təəssüf ki, ələ düşən imkanlardan da yararlana bilmədik.
- Rəqib komandanın oyun tərzi sizə və komandanıza hansı çətinlikləri yaratdı?
Qeyd etdiyim kimi, rəqibin sıx müdafiə oyun tərzini seçməsi və daha çox uzun ötürmələrə üstünlük verməsi bizim də işimizi çətinləşdirirdi. Çünki ani səhvdən əks hücumda tutula bilərdik və bu da bizim üçün heç də yaxşı olmazdı. Oyundan öncə də məşqçilər bununla əlaqədar bizə məlumat vermişdilər və diqqətli olmağımızı tapşırmışdılar. Əgər bir qol vura bilsəydik rəqibin oyun sistemini poza biləcəkdik. Lakin buna nail ola bilmədik.
- Matç zamanı müdafiə xəttinizin performansı barədə nə deyə bilərsən?
Müdafiəmiz xüsusən əks-hücumlar zamanı maksimum səhvsiz oynamağa çalışdı. Çünki qalib gəlmək istəyən tərəf biz idik. Rəqibin əks hücumları zamanı müdafiədə az nəfərlə qalırdıq. Bu zaman da onlar işlərinin öhdəsindən layiqincə gəlirdilər.
- "Turan Tovuz" komandasının hücumları zamanı səni ən çox çətinə salan hansı oyunçular oldu?
Hansısa bir oyunçunun adını çəkə bilmərəm.
- Qarşıdakı "Səbail" matçı üçün hazırlıqlar necə gedir?
1 gun istrahətdən sonra məşqlərə başlamışıq. Hələ ki, hər şey qaydasındır. Bilirik ki, bu mövsüm bizim üçün heç də hər oyun asan olmayacaq. "Səbail" də heyətinə yeni üzvlər əlavə etmiş, yaxşı bir komandadır. İlk turdakı nəticələri bizi arxayınlaşdıra bilməz. Bütün gücümüzlə bu oyuna hazırlaşırıq. Mövsümün ilk qələbəsini qazanmaq istəyirik.