Nəriman üçün çətin rəqib

  • Bu gün, 12:50

Azərbaycanlı futbolçu Nəriman Axundzadəni transfer edən ABŞ-nin "Kolambus Kru" klubu heyətini məşhur yarımmüdafiəçi ilə gücləndirib.

Sportlife.az xəbər verir ki, MLS təmsilçisi Portuqaliya millisinin sabiq üzvü Andre Qomeşin keçidini rəsmiləşdirib.

Sərbəst futbolçu statusu ilə komandaya qoşulan 32 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb. Sözləşmədə müddətin daha 1 il uzadıla biləcəyi barədə bənd də yer alıb.

Karyerası ərzində Portuqaliyanın "Benfika", İspaniyanın "Valensiya", "Barselona", İngiltərənin "Everton" və Fransanın "Lill" klublarında çıxış edən Qomeş bir çox uğura imza atıb. O, "Barselona" ilə İspaniya çempionu (2017/18) olub, 2 dəfə Kral Kubokunu və bir dəfə ölkə Superkubokunu qazanıb. "Benfika"nın yetirməsi olan yarımmüdafiəçi Portuqaliya klubunda çempion, ölkə kubokunun və liqa kubokunun qalibi olub.

Portuqaliya yığmasının heyətində 29 oyun keçirən təcrübəli oyunçu 2016-cı ildə Avropa çempionu tituluna sahib çıxıb.

Qeyd edək ki, Nəriman Axundzadənin "Kolambus Kru" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi bu keçid üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.


Paylaş: