“Bazel” - “Qarabağ” oyununa sözardı

“Bazel” - “Qarabağ” oyununa sözardı

  • 10 Dekabr 2021, 17:12

Futboldan ədalət gözləyirik. Öz də nə adla - "Qarabağ" adı ilə. Bütün dünyanın göz yumduğu haqsızlıqların fonunda QARABAĞ üçün həmişə lal olan dünyanın hansısa FİFA-sı, UEFA-sı "Qarabağ" üçün haqq axtaracaq?

Odur ki, biz haqq yolumuzda addımımızı yerə möhkəm basmalıyıq. Həm siyasi-hərb meydanında, həm idman arenalarında.

 "Qarabağ"ın Bazel səfərində üzləşdiyi ədalətsizlik ilk deyil, son da olmayacaq. Dayanmaq yox, artırmaq, inkişaf etmək, çəkidə daha ağır gəlmək lazımdı... Hakimin vicdansızcasına etdiyi səhvi qoyduq bir kənara. İbrahima Vadjinin sağa-sola verdiyi "ehsanları" da həmçinin. Bəlkə taktika, yaxud heyət doğru deyildi? Fikrimi yazıram - Qurbanovdan çox bilmirik, amma az da olsa, anlayışımız var. Start heyətdə meydana Şeydayev çıxsa və Vadji sonradan qoşulsa, daha yaxşı nəticə ola bilərdi. Yaxud "ne ujeli" Qurbanov düşünməmişdi ki, heyəti ucaboylarla dolu olan "Bazel"in müdafiəsinin dərinliklərinə uzun ötürmələr keçməz?

"Qarabağ"lılar son saniyəyə qədər dirəşib bu üsulla müdafiəni yarmağa çalışdılar, nəticə 0:3. Qapımız və müdafiəmiz isə...Şahruddin yenə azı 2 epizodda çıxışda ciddi səhvə yol verdi. Maksim hədsiz zəif oynadı, Qara ondan betər, Abbasla Tural bu gün, ümumiyyətlə, sanki meydanda yox idilər. Medinanın da oyunqabağı zədəsinin olduğunu nəzərə alıb çox üstünə getmək olmur, pis deyildi. Bəs Ozobiçi meydanda görən oldu? Mən axtardım, tapa bilmədim...Bu qədər futbolçunun oyunu uğursuz alınırsa, Kadi, Zubir və ya Andradedən möcüzə gözləmək lazım deyil.

"Qarabağ" arzuladığımız - illərdi həsrətində olduğumuz Avropa futbolunu oynayır, heç bir rəqibdən də geri qalmamağa çalışır. Ev və ya səfərdə çıxış etməsindən asılı olmayaraq. Ümumiyyətlə, "Qarabağ" atmosferə, ab-havaya görə yox, konkret üslubuna uyğun oyun sərgiləyən komandadı. Lakin səhvlər üzərində işləmək və düzəltmək lazımdı. Yeni-yeni səhvlər buraxmaq yox. Bu, həm komandanın məşqçilər korpusuna aiddi, həm bütün komanda üzvlərinə. Belə gözəl oyunun nəticəsi 0:3 olmamalı idi. Hakim aşkar qolumuzu saymadı, konkret tərəfkeşlik etdi və.s. və ilaxırı kənara qoymuşam. Qarşındakı rəqibi doğru analiz etməli və onun zəif tərəfləri üzərində taktika-oyun planı qurmalısan. "Bazel" əvvəlki "Bazel" deyil, amma rahatlıqla uda biləcəyin komanda da deyil axı. Söz yox, iştahımız həqiqətən diş altındadı və getdikcə getmək istəyirik. Çünki illərdi həsrətində olduğumuz futbol budur. İllərdi tv-dən izlədiyimiz futbolu "Qarabağ"ın sayəsində izləyirik. Ancaq təkrar edirəm: səhvlər üzərində işləməklə daha böyük ola bilərsən.

Təşəkkürlər, "Qarabağ"! Təşəkkürlər, Azərbaycan futbolunun flaqmanı!

 

ELVİN ƏHƏD


Paylaş: