Çatlayan güzgü
Topa sahibolma, qol epizodları, qaçırılan fürsətlər – Bütün bunlar yalnız gözəl təfərrüatlardır, heç biri tablodakı rəqəmləri dəyişmir.
Futbolda nəticəni müəyyən edən tək şey qoldur. Dünən “Lion” Bakıda bu sadə həqiqəti bizə sərt şəkildə xatırlatdı - 1:4 və bunun arxasında dayanan acı həqiqət var: Səviyyə fərqi.
"Vurmayana vurarlar” deyimi sadəcə klişe deyil, meydanda qanundur. “Qarabağ” statistikada üstün olsa da, tablodakı 1:4 başqa bir hekayə danışır.
Legioner ordusu ilə meydana çıxan “Qarabağ” yenə də yerli futbolumuzun problemlərini maskalamağa çalışdı. Amma bu dəfə maska düşdü - "Lion"un heyətində gürcüstanlı Mikautadze iki dəfə öz “sözünü” deməklə yerli futbolumuzdakı boşluqları yenidən üzə çıxardı. Fransa təmsilçisi uğurunda gürcü futbolçunun xidmətindən yararlanır. Azərbaycan klubları isə legioner armadası ilə hələ də yerli futbolu inkişaf etdirməyə çalışırlar.
İndi kim iddia edə bilər ki, “Qarabağ” Azərbaycanın futbolunun həqiqətlərini göstərən aynadır? Bu ayna yalnız bir tərəfi əks etdirir – Parlaq və müvəffəqiyyətli görünən tərəfi. Həqiqət isə daha dərinlərdə gizlidir və bu ayna yerli futbolun əsas problemlərini, inkişaf çatışmazlıqlarını və struktur zəifliklərini göstərmir. Azərbaycan futbolunun bütün problemləri bu aynanın arxasında gizlənir.
Ölkə futbolu bir neçə klubun legionerinin performansı üzərində deyil, yerli oyunçuların yetişdirilməsi və uzunmüddətli inkişaf üzərində qurulmalıdır. Amma hazırkı reallıq göstərir ki, biz futbolun əsas strukturlarını yox, daha çox üzdə olan problemləri “makiyaj” edirik.
Gələcək planlarda “Qarabağ”ın heyətində ciddi yeniliklər olacaqsa, bu, əlbəttə, müsbət addımdır. Amma əgər biz hələ də Azərbaycanın ən yaxşı komandasının yalnız legionerlərlə uğur qazana biləcəyinə inanırıqsa, bu, futbolun inkişafına deyil, sadəcə müvəqqəti nəticələrə xidmət edəcək.
“Qarabağ” Azərbaycanın adını Avropada təmsil edə bilər, amma Azərbaycan futbolunun özünü Avropa səhnəsinə çıxarmaq hələ çox uzaq bir xəyal olaraq qalır.
“Qarabağ”ın ən yaxşı performansı belə ölkənin futbol həqiqətlərini ört-basdır etməyə kifayət etmir...
Mirələm Həsənli