"Neftçi" media azadlığını pozdu!

  • Bu gün, 11:20

Son günlər “Neftçi” klubu ilə aramızdakı əməkdaşlıq müqaviləsinə birtərəfli qaydada xitam verilməsi ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətirməyi zəruri sayıram.

Mən Sportlife.az saytının təsisçisi və baş redaktoru kimi fəaliyyətimdə hər zaman obyektivlik, şəffaflıq və ictimai marağın qorunması prinsiplərinə sadiq qalmışam. "Neftçi" klubunun 9 noyabr 2025-ci il tarixində “Qarabağ” FK ilə keçirdiyi oyundan sonra komandanın baş məşqçisi Samir Abasovun hakimə qarşı etik normalara zidd ifadə işlətməsi təsadüfən əməkdaşımız tərəfindən lentə alınıb və bu fakt ictimai maraq daşıdığı üçün yayımlanıb.

Sözügedən video hər hansı manipulyasiya, şəxsi maraq və ya qərəz məqsədi daşımırdı. Məqsəd idmanda davranış mədəniyyətinə diqqət çəkmək və sağlam idman mühitinin qorunmasına töhfə vermək idi. Daha sonra videonun silinməsi barədə mənə klubun mətbuat katibi tərəfindən WhatsApp üzərindən müraciət olunub. Lakin mən, baş redaktor olaraq, peşə borcuma və jurnalist etikasına sadiq qalaraq bu təklifdən imtina etmişəm.

Bundan əlavə, ötən ilin dekabr ayında klubun media üzrə koordinatoru Rüstəm Əfsərli tərəfindən mənə “Neftçi”nin Müşahidə Şurasının sədri Hafiz Zeynalovun adının hazırladığım materialdan çıxarılması ilə bağlı qeyri-peşəkar xarakterli xahiş edilib və o zaman da imtina etmişəm. Bu kimi müdaxilə cəhdləri də jurnalist fəaliyyətinə təsir göstərmək təşəbbüsü kimi qiymətləndirilməlidir.

Son hadisədən bir neçə gün sonra klub tərəfindən aramızdakı müqaviləyə səbəbsiz və əsassız şəkildə xitam verilməsi ilə bağlı mənə məktub göndərilib. Mən bu addımı jurnalistin peşə azadlığına, müstəqilliyinə və ictimai missiyasına qarşı hörmətsizlik kimi qiymətləndirirəm.

Bu münasibətlə Medianın İnkişafı Agentliyini, Mətbuat Şurasını və idman ictimaiyyətini məsələni diqqətdə saxlamağa, klubun jurnalistin peşə fəaliyyətinə, azadlığına və müstəqilliyinə qarşı göstərdiyi hörmətsiz və təzyiq xarakterli davranışa görə ölçü götürməyə çağırıram.

Hesab edirəm ki, belə hallarda həm hüquqi, həm də mənəvi baxımdan medianın yanında dayanmaq vacibdir.

Jurnalistikanın missiyası şəxsləri qorumaq deyil, ictimai marağa xidmət etməkdir. Mən bu prinsipi qorumaqda davam edəcəyəm.

Sportlife.az saytının baş redaktoru

Mirələm Həsənli


Paylaş: