"Neftçi"də ərəb kapitalı: Azərbaycan futbolunda strateji transformasiya

  • 8 Fevral 2025, 18:18

Azərbaycan futbolu uzun illər yerli və regional çərçivədən kənara çıxa bilmək üçün çətinliklərlə üzləşib. Struktur problemləri, sistemsiz inkişaf strategiyası və maliyyə resurslarının qeyri-effektiv idarə olunması səbəbindən bu sahədə dayanıqlı irəliləyiş müşahidə edilməyib. Lakin “Neftçi” PFK və "Palms Sports" arasında imzalanan sponsorluq müqaviləsi Azərbaycan futbolunun beynəlxalq arenaya çıxışında fundamental dönüş nöqtəsi ola bilər.

Əbu-Dabi mənşəli International Holding Company (IHC) kimi iri maliyyə institutuna məxsus "Palms Sports" şirkətinin “Neftçi”yə sponsorluğu adi kommersiya sazişi deyil. Burada əsas məsələ kapitalın yönləndirilməsi mexanizmi və uzunmüddətli inkişaf strategiyasıdır. Ərəb sərmayədarlarının idman sektorunda fəaliyyəti, xüsusilə də BƏƏ-nin idman ekosistemini gücləndirmək üçün qoyduğu böyük yatırımlar, bu müqavilənin yalnız qısa müddətli dəstək üçün deyil, uzunmüddətli strateji planlar çərçivəsində nəzərdə tutulduğunu göstərir.

Futbol tarixi göstərir ki, investisiyalar yalnız maliyyə dəstəyi deyil, həm də idarəetmə transformasiyasına səbəb olduqda effektiv nəticə verir. Qətər investisiyası ilə PSJ-nin dünya futbolunda dominant gücə çevrilməsi və Səudiyyə Ərəbistanının "Nyukasl" layihəsi bu strategiyanın uğurlu nümunələridir. Azərbaycan futbolu üçün də eyni model tətbiq oluna bilərmi?

Bu, ölkə futboluna yatırılan ilk xarici böyük investisiyadır və əməkdaşlığın uğurlu alınması gələcəkdə daha genişmiqyaslı sərmayələrin cəlb edilməsinə zəmin yarada bilər. Lakin burada əsas məsələ maliyyənin doğru idarə olunması və effektiv mexanizmlərlə futbolun dayanıqlı inkişafına yönləndirilməsidir.

Kapital axını təkbaşına bir klubu və ya futbolu gücləndirə bilməz. Onun düzgün strukturlaşdırılması, idarəetmə sisteminin modernləşdirilməsi və futbol siyasətinin strateji yanaşma ilə qurulması tələb olunur.

Avropa futbolunda gənc istedadların inkişafı, dəyər qazandırılması və dünya bazarına çıxarılması klublar üçün əsas gəlir mənbəyidir. “Neftçi” yeni maliyyəni təkcə legionerlərin transferinə deyil, daxili futbol sisteminin gücləndirilməsinə sərf etməlidir.

Azərbaycan futbolunun ən böyük problemi klubların qeyri-peşəkar idarəetmə strukturudur. Əgər yeni investisiya yalnız oyunçuların maaşlarını ödəməyə sərf olunacaqsa, bu, Azərbaycan futbolunun xroniki problemlərini həll etməyəcək.

Beynəlxalq səviyyədə nüfuzlu klubların uğurlu inkişaf strategiyalarından biri klub brendinin gücləndirilməsi və gəlir mənbələrinin şaxələndirilməsidir. “Neftçi” bu sərmayə ilə daha geniş azarkeş bazası formalaşdırmalıdır.

Azərbaycan futbolu uzun illər maliyyə və idarəçilik çatışmazlıqlarının yaratdığı bataqlıqda ilişib qalıb. “Palms Sports”la imzalanan müqavilə yeni perspektivlər açsa da, onun real nəticələri yalnız idarəetmə və strategiyanın effektiv qurulmasından asılı olacaq.

Əgər bu sərmayə akademiya, infrastruktur və sistem quruculuğuna yönəlməsə, sadəcə “havaya sovrulan pullar”dan biri kimi tarixə düşəcək. Lakin əgər bu, Azərbaycan futbolunun inkişafına real təsir edəcək institusional dəyişikliklərə səbəb olarsa, onda bu müqavilə yalnız “Neftçi” üçün deyil, bütövlükdə ölkə futbolu üçün tarixi dönüş nöqtəsi olacaq.

İndi əsas sual budur: "Neftçi" bu imkandan səmərəli istifadə edə biləcəkmi?

Mirələm Həsənli 


Paylaş: