PFL nəfəs verir, AFFA boğur

  • 10 Noyabr 2025, 16:13

AFFA Azərbaycan futboluna cavabdeh qurum olsa da, bu məsuliyyətin altından çıxa bilmir. Köhnələn yeni rəhbərlik müşahidə edib yazdıqlarımızı öz fəaliyyətsizliyi ilə təsdiqləyir. Rövşən Nəcəfin dəstəsi komanda olmağı bacarmır.

Cahangir Fərəcullayevin AFFA-dan didərgin saldığı PFL isə federasiya ilə müqayisədə öz kiçik büdcəsi ilə nələrsə etməyə çalışır, müəyyən işlər görür. Fərəcullayevin PFL-in köhnə məkanında özünə kabinet düzətməsindən başqa gözə görünən bir işi olmayıb.

Bəs PFL nə iş görür?

PFL öz imkanları çərçivəsində Premyer Liqa, Birinci və İkinci Liqa yarışlarını təşkil edir, ölkədə futbolun kütləviləşməsi yolunda ciddi addımlar atmağa çalışır. Ən əsası, bu liqalardakı bütün oyunlar canlı yayımlanır. Bu, azarkeşlərlə ölkə futbolu arasında körpü yaradır.

Bəs AFFA?

Federasiyanın büdcəsi PFL-dən qat-qat yüksəkdir. Amma nəticə sıfır... AFFA-nın təşkil etdiyi uşaq liqalarının oyunlarının heç biri yayımlanmır. Halbuki, bu yayımlar üçün lazım olan texniki avadanlıqlar üçün maliyyə ayırmaq mümkündür. Necə ki, bunu PFL edə bilir. Həm də aşağı büdcə ilə...

PFL ilə AFFA-nın fərqi budur: biri çalışır, iş görür, digəri hələ ki, sıfırdan başlaya bilmir. Fərəcullayevin başı nəyə qarışıb?

İndi PFL-in ofisi federasiyadan kənardadır. Ola bilər, sabah PFL ümumiyyətlə olmasın. Çünki AFFA-da istədiklərini edənlər üçün futbol əsas deyil, əsas kreslolardır.

Mirələm HƏSƏNLİ


Paylaş: