
Mahir Emreli "Kayzerslautern"də niyə oynamır?
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniya "Kayzerslautern"inin heyətindən kənarda qalması ilə əlaqədar açıqlama verib.
Sportlife.az xəbər verir ki, 28 yaşlı hücumçu bu qərarın səbəbini özünün də bilmədiyini söyləyib.
O, "Kayzerslautern"də özünə qarşı edilənlərin Almaniyaya və bu ölkənin futbol mentalitetinə yaraşmadığını vurğulayıb: "Yalan-doğru, dönüşümdən sonra klubun prezidenti və idman direktoru iclas söz verib. Mən də o sualın cavabını axtarıram ki, oynamamaq səbəbim nədir. Çünki bəzi klubdaxili hərəkətlər oldu. Xüsusən, məşqçilərin davranışı xoşuma gəlmədi. Sizdən sadəcə, bir şeyi xahiş edirəm: guya kiminləsə aramın pis olduğuna dair yazılıb-pozulanlar yalandır, bunların hamısı absurddur. Hətta sizə bir söz deyim: həyatımda birinci dəfədir ki, heç bir şey etməmişəm. Əmin ola bilərsiniz. Gedib maraqlanacağıq. Vaxt olar, o barədə də danışarıq. Etdikləri bəzi hərəkətlər onların ölkələrinə, o futbol mentalitetinə yaraşmır".
Qeyd edək ki, Mahir Emreli 5 oyundur "Kayzerslautern"in Almaniyanın 2-ci Bundesliqasındakı qarşılaşmalarının iştirak ərizəsinə salınmır.