"Meydana yenə də qələbə üçün çıxacağıq" - Millimizin üzvü

"Meydana yenə də qələbə üçün çıxacağıq" - Millimizin üzvü

  • 5 Dekabr 2023, 17:45

“Millətlər Liqasındakı çıxışımıza görə çox sevinirik. Biz illərdir, belə bir çempionatın olmasını, öz gücümüzdə rəqiblərlə qarşılaşmağı gözləyirdik”.

Bu sözləri Sportlife.az-a açıqlamasında milli komandanın üzvü Aysun Əliyeva deyib. 26 yaşlı yarımmüdafiəçi Kipr üzərində 1:0 hesablı qələbəni belə şərh edib:

“Özümüzü sübut etmək istəyirdik. Şükür ki, istədiyimiz kimi oldu. Öz gücümüzdə olan rəqiblərə qarşı oynadıq. Qrup lideri kimi B divizionuna yüksəldik. Bu da qürurverici hisdir. İnşallah sonuncu oyunumuzu da uğurla başa vurub bu ili lider tamamlamaq istəyirik”.

Həmçinin, o, B Liqasından gözləntilərini də bölüşüb: “Düşünürəm ki, B liqasında indiki rəqiblərimizdən nisbətən daha yaxşı komandalar olacaq. A səbətindən də bir milli bizimlə eyni qrupda mübarizə aparacaq. Orada bizi daha çətin və stresli oyunlar gözləyir. Ümid edirəm ki, mən də analıqdan sonra formaya düşüb əsas heyətdəki yerimi qazanıb komandama kömək edərəm”.

Əliyeva Farer adaları ilə bugünkü görüşə 3 xal üçün çıxdıqlarını vurğulayıb: “Özümüzdən razıyıq. Bu oyun da bizim üçün önəmlidir. Meydana yenə də qələbə üçün çıxacağıq. Bütün oyunları udmuşuq. Bunu da qazanmaq, necə başlamışıqsa, elə də bitirmək istəyirik”.

Xatırladaq ki, yığmamız 13 xalla qrup liderliyini ötən turda təmin edib və B Liqasına yüksəlib.

Qeyd edək ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu millimiz bu gün 19:00-da “Dalğa Arena”da Farer adaları ilə qarşılaşacaq.

Nərmin VÜQARQIZI

 


Paylaş: