
Obradoviç U-21-dən müsbət nəticə gözləyir
Türkiyədə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün yoxlama görüşündə Moldova ilə qarşılaşacaq.
Yığmamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununa çıxacaq. U-21 millisinin sabiq çalışdırıcısı Milan Obradoviç Abbasov haqda düşüncələrini Sportlife.az saytı ilə bölüşüb:
"Mən ilk növbədə Ayxan Abbasova bol-bol uğur və yaxşı nəticələr arzulayıram. Onu çox yaxşı tanıyıram. Premyer Liqada böyük təcrübəsi olan yaxşı məşqçidir. Bilirəm ki, gənc oyunçuların inkişafına çox böyük töhfə verəcək. O, Azərbaycan futbolunun gələcəyi hesab olunan U-21 millisinin əsl problemlərinin həllinin tapılmasında və gənc futbolçuların bacarıqlarının inkişaf edtirilməsində çox kömək edəcək".
Təcrübəli mütəxəssis Azərbaycan millisindən müsbət nəticə gözlədiyini söyləyib: "Arzu edirəm ki, klublar daha sürətlə inkişaf etsin və onlarla birlikdə Azərbaycan millisi böyüsün. Ona görə də startda müsbət nəticə gözləyirəm. Bütün Azərbaycan komandalarına, xüsusən də A millisinin gələcəyi olan U-21 yığmasına yalnız ən yaxşısını arzulayıram, onlara çoxlu qələbələr və inkişaf diləyirəm".
Akif ƏHMƏDOV