"Azərbaycanda çıxış etməyən futbolçular bu liqanı lazımınca dəyərləndirmirlər" - MÜSAHİBƏ

"Azərbaycanda çıxış etməyən futbolçular bu liqanı lazımınca dəyərləndirmirlər" - MÜSAHİBƏ

  • 23 Yanvar 2024, 12:07

“Sabah”ın 31 yaşlı serbiyalı müdafiəçisi Boyan Letiçin Sportlife.az saytına müsahibəsini təqdim edirik:

- İlin ilk rəsmi oyununa çıxdın. Bu matç sənin üçün necə keçdi?

- Hər birimiz bu matçda qalib gəlmək istəyirdik. Meydana bu istəklə çıxmışdıq. İlk hissədə yaxşı oynadıq. Həm birinci hissədə, həm də matçın sonlarında qol epizodlarımız oldu, lakin dəyərləndirə bilmədik. Fasilədən sonra doğma meydanda keçirdiyimiz ilk oyundan qələbə ilə ayrılmaq istəyirdik, təəssüf ki, bir xalla kifayətləndik.

- Səncə həmin oyunda "Sabah" 1 xal qazandı, yoxsa 2 xal itirdi?

- Fikrimcə, heç-heçə ədalətli nəticə idi.

- Premyer Liqada ən çətin rəqiblər hansılardır?

- Çempionatda bütün oyunlar çətindir. Hər bir rəqib xal qazanmaq üçün sona kimi mübarizə aparır. Bu mövsümdə baş tutmuş oyunlar da buna sübutdur.

- Komandanın mövsümə yaxşı başlamamasının səbəbini nədə görürsən?

– Əslində, mövsümə yaxşı başlamışdıq. Lakin sonradan istədiyimiz nəticələri qazana bilmədik. Elə matçlar oldu ki meydanda rəqibdən üstün oyun sərgiləsək də, bunu hesabda əks etdirə bilmədik. Artıq bu oyunlar keçmişdə qalıb. İndi qarşıdakı matçlarımıza köklənməli və mövsümün qalan hissəsində vəziyyəti xeyrimizə dəyişməliyik.

- Səncə "Sabah" mükafatçılar sırasına düşə biləcək? Ümumiyyətlə mövsümün qalan hissəsində hədəf nədir?

- Bunu mövsümün sonunda görəcəyik. O ki qaldı əsas məqsədimizə, əlbəttə çempionatda yüksək yerlərdən birini tutaraq avrokuboklara vəsiqə qazanmağımızı istərdim.

- Bundan əvvəl Bosniya və Herseqovina, Slovakiya, Çexiya, İspaniya klublarında çıxış etmisən. Həmin ölkələrlə Azərbaycan futbolu arasında fərq nədir?

- Hər liqanın özünəməxsus xüsusiyyətləri var. İspaniya oynadığım ölkələr arasında həm keyfiyyət, həm də kütləvilik baxımından fərqlənir. Orada stadionlara çox insan gəlir. Çexiyaya gəldikdə, burada komanda sayı çoxdur. Mövsüm ərzində daha çox fərqli komanda ilə qarşılaşırsan. Fiziki oyuna daha çox diqqət yetirirlər. Çempionatın keyfiyyəti də yaxşı səviyyədədir. Slovakiya çempionatı Azərbaycan çempionatına çox bənzəyir. Orada da 10-12 komanda var və liqanın səviyyəsi Azərbaycan Premyer Liqasının səviyyəsinə çox oxşardır. Mənim fikrimcə, Azərbaycan çempionatı heç də asan deyil. Burada kifayət qədər keyfiyyətli futbolçular oynayırlar. Fikrimcə, Azərbaycanda çıxış etməyən futbolçular bu liqanı lazımınca dəyərləndirmirlər. Dediyim kimi, liqada keyfiyyət nəzərə çarpır, sadəcə stadionlara daha çox azarkeşin gəlməsini istərdim. Çünki futbol azarkeşlər üçün oynanılır.

Qulam Səfərli


Paylaş: