"Qarabağ"la oyundakı səhvimi bu gün yudum - MÜSAHİBƏ

"Qarabağ"la oyundakı səhvimi bu gün yudum - MÜSAHİBƏ

  • 5 Fevral 2024, 21:31

“Kəpəz”in futbolçusu Ehtiram Şahverdiyevin Sportlife.az saytının Qəbələyə ezam olunmuş əməkdaşına müsahibəsini təqdim edirik:

- “Araz-Naxçıvan”la oyun barədə təəssüratların nədir?

“Araz-Naxçıvan”ın yaxşı heyəti var. Buna baxmayaraq biz də hər oyunda olduğu kimi bu dəfə də ciddi hazırlaşmışdıq ki, xal və ya xallar qazanaq. Şükürlər olsun ki, qalib tərəf biz olduq.

- Qış fasiləsindən sonra komandada yüksəliş sezilir. Bu, Adil Şükürovun tapşırıqları ilə əlaqədardır?

Komandada hər kəs Adil müəllimin, köməkçi məşqçilərin tapşırıqlarını ürəklə yerinə yetirir. Səhvlərimizin üzərində işləyirik və nəticə ortadadır.

- “Qarabağ”la oyunda son dəqiqələrdə penaltiyə səbəb olmuşdun, amma bu dəfə dubl etdin. Demək olar ki, səhvini yudun?

Heç bir futbolçu istəməz ki, komandasının məğlubiyyətində rol oynasın. Hər bir oyunçu istəyir ki, bütün matçlarda qələbə qazansın. Bu gün 2 qol vurdum. Komanda məğlub olsaydı, bunun mənası olmazdı. Düşünürəm ki, komandaya faydam dəydisə, nə gözəl! Ötən turda ani diqqətsizliyim penaltiyə səbəb olmuşdu. Şükürlər olsun ki, “Qarabağ”la oyundakı səhvimi bu gün yudum.

- Bu gün çox yaxşı oyun sərgiləyib, 2 qol vurdun. Bunu karyera matçın kimi qiymətləndirirsənmi?

Bununla kifayətlənmək olmaz. Artırmaq, daha çox işləmək lazımdır ki, bəzi səhvləri aradan qaldırıb, daha yaxşı formada olum.

 

Hidayət Qurbanov / QƏBƏLƏ


Paylaş: