Höccət Haqverdi: "Futbolda mümkünsüz heç nə yoxdur" - MÜSAHİBƏ

Höccət Haqverdi: "Futbolda mümkünsüz heç nə yoxdur" - MÜSAHİBƏ

  • 20 Fevral 2023, 18:00

Azərbaycan Premyer Liqasının XXIII turunda "Neftçi" "Səbail" üzərində 3:0 hesablı qələbə qazanıb. 

"Ağ-qaralar"ın müdafiəçisi Höccət Haqverdi Sportlife.az-a müsahibəsində "Neftçi"nin çempionluq şanslarını dəyərləndirib, növbəti turda "Qarabağ"a qarşı keçirəcəkləri səfər matçından gözləntilərini bölüşüb.

Müsahibəni təqdim edirik:

- Son 4 oyunda qapınızı toxunulmaz saxlamaqla 3 qələbə və 1 heç-heçəyə nail olmusunuz. Bu uğurlu seriyanı davam etdirə biləcəksinizmi?

- Bəli, son oyunlarda nisbətən daha yaxşı nəticələr əldə edirik. Lakin “Neftçi”dən gözləntilər böyükdür və azarkeşlər həmişə qələbə qazanmağımızı istəyirlər. Ona görə də təbii ki, bu seriyanı davam etdirməliyik.

- Növbəti rəqibiniz “Qarabağ” olacaq. Sizcə, bu oyundan 3 xalla ayrılma ehtimalınız nə qədərdir?

- Bizə də, “Qarabağ”a da çox çətin oyun olacaq. Təbii ki, hər iki komanda 3 xal üçün mübarizə aparacaq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Turnir cədvəlində 3-cü yerdəsiniz. Çempionluq mübarizəsində “Qarabağ”dan çox geri qalırsınız. Mübarizəni uduzduğunuzu demək olar?

- “Qarabağ”la xal fərqimizin çox olduğunu nəzərə alsaq, çempionluq bir qədər çətin görünür. Təbii ki, irəlidə hələ çox oyunlarımız var və futbolda mümkünsüz heç nə yoxdur. Ona görə də son oyuna qədər mübarizə aparıb, daha çox xal qazanmalıyıq.

- Sizcə, hazırkı mövqeyiniz komandanın potensialına uyğun gəlirmi?

- Komandamızın potensialı böyükdür. Çox keyfiyyətli oyunçularımız var, amma “Qarabağ” və “Sabah” da çox yaxşı komandalardır və onlar da yaxşı heyətə malikdirlər. Qarşıda 11 oyunumuz var. Liqanın sonunda hansı mövqedə olacağımızı zaman göstərəcək.

- Ölkə kubokunu qazanmaq şansınızı necə qiymətləndirirsiz?

- Şansımız çoxdur. Ancaq bizi qarşıda 2 çətin oyun gözləyir. Kubokda komandalar bütün gücləri ilə oynayırlar. Çətin olacaq, amma qalib gəlmək məcburiyyətindəyik.

- Bu mövsüm üçün “Neftçi” azarkeşlərinə nə vəd edə bilərsiniz?

- Çox yaxşı başa düşürəm ki, azarkeşlər “Neftçi”nin yüksək nəticələr əldə etməsini istəyirlər. Bu da çox təbiidir. Çünki “Neftçi” böyük komandadır. Bilirlər ki, biz “Neftçi”nin uğurları üçün əlimizdən gələni edəcəyik və inanıram ki, onlar da yarışın son gününə qədər komandaya dəstək olacaqlar. Ancaq biz əminik ki, yaxşı günlər qarşıdadı.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı fevralın 27-də saat 20:00-da "Azersun Arena"da oynanılacaq.


Paylaş: