“Kəpəz”in gürcü futbolçusu: “Azarkeşlərin narahatlığını başa düşürük, ancaq...” - MÜSAHİBƏ

 “Kəpəz”in gürcü futbolçusu: “Azarkeşlərin narahatlığını başa düşürük, ancaq…” - MÜSAHİBƏ

  • 20 Fevral 2023, 13:00

Azərbaycan Premyer Liqasının XXIII turunda “Kəpəz” 3:2 hesabı ilə “Şamaxı” komandası üzərində qələbə qazanıb.

Gəncə təmsilçisinin heyətində dubl edən və komandasının qələbə qolunun müəllifi olan 26 yaşlı yarımmüdafiəçi Mate Kvirkviya Sportlife.az-a müsahibəsində matçla bağlı təəssüratlarını bölüşüb, sualları cavablandırıb…

 

- Əvvəlki turdakı məğlubiyyətdən sonra komandamız üçün vacib qələbə oldu. Çox yaxşı mübarizə apardıq. Baş məşqçinin bizə verdiyi tapşırığı yerinə yetirdik və qələbə qazandıq. Bu, ilk qollarım idi. Komandamın qələbə qazanmasına kömək etdiyim üçün çox şadam.

 

- Komandanız bu qələbə sayəsində sonuncu pillədən uzaqlaşdı. Sizcə, daha yüksək pillələrə qalxa biləcəksiniz?

- Düşünürəm ki, bir neçə kollektiv istisna olmaqla, “Kəpəz” bütün komandalardan üstün futbol nümayiş etdirir. Bu, bizə komandaya verilən tapşırığı yerinə yetirmək üçün mütləq güc verəcək. Məqsədimiz bu il Premyer Liqada qalmaqdır.

- Nəticələrinizin birdən-birə pisləşməsi nə ilə əlaqədardır?

- Bu, futboldur. Nə olacağını əvvəlcədən heç kim bilmir. Ona görə də bu idman növü maraqlıdır. Hər oyunda əlimizdən gələni edirik. Elə oyunlar var ki, sadəcə bəxtimiz gətirmir. Səhvləri düzəltmək üçün hər gün çalışırıq. Əminəm ki, bu komanda böyüməyə davam edəcək. Gənc komandadır, bir az vaxt tələb edir.

- Uğurlu seriyanı davam etdirmək üçün sizə nə lazımdır?

- İşimiz çox ağırdır. Səhvlərimizi aradan qaldırmalı, qol şanslarından maksimum yararlanmalıyıq. Əminəm ki, bu komanda mövsümü yaxşı pillədə başa vuracaq.

- Bəzi azarkeşlər baş məşqçiniz Tərlan Əhmədovdan narazıdır. Onu istefaya səsləyirlər...

- Azarkeşlərin narahatlığını başa düşürük. Onlar istidə-soyuqda futbolla yaşayırlar, yanımızda olurlar. Buna görə də hər birinə minnətdaram. Ancaq baş məşqçi təkdir. Düzəldilməli olan bir çox şeylər var. Komandanın inkişafını və böyüməsini istəyiriksə, hamımız bunu birlikdə etməliyik. Tərlan Əhmədov yaxşı məşqçidir.

- Növbəti turda “Sumqayıt”la oyununuz var. Bu oyunda qələbə qazana bilsəniz, sonuncu pillədən bir az da uzaqlaşacaqsınız. Bunu bacaracaqsınız?

- "Sumqayıt"la matç çətin keçəcək. İki gündən sonra bu oyuna hazırlaşacacağıq. Biz bu oyunun necə vacib olduğunu bilirik. Bayaq da qeyd etdiyim kimi, komandamız hər oyuna qələbə qazanmaq üçün çıxır.

Qeyd edək ki, “Kəpəz” fevralın 25-də Premyer Liqanın XXIV turu üzrə “Sumqayıt”ın qonağı olacaq. 


Paylaş: