"Turan Tovuz"un legioneri: "Bizim hədəfimiz var"

  • Dünən, 21:54

“Turan Tovuz”un nigeriyalı futbolçusu Otto Conun Sportlife.az-a müsahibəsini təqdim edirik.

Həftəsonu "Səbail"lə çox önəmli matç sizi gözləyir. Qalib gəlsəniz, rəqibi üstələyib, 6-cı pilləyə yüksəlirsiniz. Bu barədə fikirlərin nədir?

- Oyunun bizim üçün nə qədər vacib olduğunu bilirik. Ona görə də maksimum gücümüzü verib, yaxşı nəticə qazanmağa çalışacağıq.

Mövsümün sonu "Turan Tovuz" neçənci pilləyə ümid edir?

- Bizim hədəfimiz var və ona çatmaq üçün addım-addım gedəcəyik.

Ötən tur "Qarabağ"la üz-üzə gəldiniz. Sənin hesabı açdığın matçda sonradan məğlub oldunuz. Səncə məğlubiyyətin səbəbləri nə idi?

- Çox güclü rəqibə qarşı oynadıq və oyundan nəsə almağa çalışdıq. Ümumilikdə çətin görüş oldu, amma biz də bundan dərs aldıq.

"Qarabağ"a qarşı oynamaq digər komandalara qarşı mübarizə aparmaqdan nə ilə fərqlənir?

- “Qarabağ”ın Avrokuboklarda necə olduğunu hamımız görürük, ona görə də onlara qarşı oynamaq həmişə fərqli olur və çox şey tələb edir. Çünki “Qarabağ” yaxşı komandadır.

Əvvəlki illərdə Albaniya və Kosovo klublarında çıxış etmisən. Adıçəkilən ölkələrin  çempionatları ilə Azərbaycan Premyer Liqasının fərqləri var?

- Bəli. Liqalarda fərq var, çünki burada səviyyə yüksəkdir. Çox taktiki və intizamlıdır. Albaniyada liqa əsasən fizikidir, amma Azərbaycanda daha çox taktikidir.

Mövsümün sonunda "Turan Tovuz"da qalmaq barədə düşünürsən?

- Mövsümün sonundan xəbərim yoxdur. Hələ ki, bütün diqqətimi “Turan Tovuz”la mövsümü yaxşı başa vurmağa yönəltmişəm.

 

Hidayət Qurbanov


Paylaş: